ASCO sədri Vətən müharibəsində iştirak edən dənizçilərlə görüşüb

ASCO sədri Vətən müharibəsində iştirak edən dənizçilərlə görüşüb “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarla video formatda görüşüb.
Görüşün əvvəlində ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad olunub.
ASCO sədri Rauf Vəliyev bildirib ki, Vətən müharibəsindəki qələbəmiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti, güclü ordu strategiyası sayəsində mümkün oldu. 44 gün ərzində Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm döyüş, həm də siyasət meydanında yorulmaz mübarizə apardı. Ölkə başçısının müharibə ərzində hər bir çıxışında və müsahibəsində isə Azərbaycan xalqının böyüklüyü, döyüş əzmi, yüksək mənəvi ruhu ifadə olunurdu.
Rauf Vəliyev ərazi bütövlüyümüz uğrunda döyüşmək üçün könüllü şəkildə Ordu sıralarına qatılan və silaha sarılan ASCO-nun əməkdaşlarına təşəkkürünü bildirib. Qeyd edib ki, aktiv döyüşlərə ASCO ailəsindən 58 nəfər qatılsa da, 44 gün ərzində iş başında olan bütün dənizçilərin də ürəyi ön cəbhə ilə döyünüb. Bundan başqa, qurum əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna (500 000 manat) olduğu kimi, könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna (1 milyon 064 min 022 manat) və “YAŞAT” fonduna (548 min 187 manat) da ianə ediblər.
Döyüşlərdə ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyası və Dənizçilik Kollecinin məzunları da yaxından iştirak edib. Bu təhsil ocaqlarının hər birinin 4 məzun dənizçisi şəhidlik zirvəsinə ucalıb.
Odlu-alovlu döyüş yollarından bəhs edən Vətən müharibəsi iştirakçıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlara qatılaraq, doğma yurd yerlərimizin düşməndən azad edilməsində iştirak etdiklərinə görə fəxr hissi keçirdiklərini bildiriblər. Onlar döyüşlərdə şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər. Vətən müharibəsinin iştirakçıları həm 44 günlük müharibə zamanı, həm də böyük zəfərdən sonra göstərilən dəstəyə görə ASCO rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonda Sədr döyüşçülərin qayğıları ilə maraqlanıb, onlara xoş arzularını çatdırıb. Bildirib ki, ASCO-nun I Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına göstərilən sosial dəstək Vətən müharibəsinin döyüşçü dənizçilərinə də şamil olunacaq. Belə ki, hər ay müharibədə şəhid olan ASCO əməkdaşlarının ailəsinə 250, yaralılara 150, müharibə iştirakçılarına 100 AZN ödəniş ediləcək. Bundan başqa, Vətən müharibəsində iştirak edən ASCO əməkdaşları, ADDA və Dənizçilik kollecinin məzunları haqqında kitab hazırlanacaq və bu kitab dənizçilərin qəhrəmanlığını gələcək nəsillərə ötürəcək.

Tehsil-press.az

Oxşar xəbərlər