Ali Attestasiya Komissiyası dissertasiya müdafiələrinin distant formada keçirilməsi qaydalarını müəyyənləşdirib

Ali Attestasiya Komissiyası dissertasiya müdafiələrinin distant formada keçirilməsi qaydalarını müəyyənləşdirib Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) təşkilatçılığı ilə “Xüsusi karantin rejimində dissertasiya şuralarının fəaliyyətinin təşkili” mövzusunda onlayn iclaslar keçirilib.
Karantin rejimi qaydalarına əməl olunmaqla keçirilən iclaslarda ölkənin 21 ali təhsil müəssisəsinin, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 32 elmi müəssisə və təşkilatın rəhbərləri, dissertasiya şuralarının sədrləri və elmi katibləri, Komissiyanın əməkdaşları, ümumilikdə 170 nəfərdən çox müəssisə rəhbəri, alim və tədqiqatçı iştirak edib.
İclasda məruzə ilə çıxış edən Komissiyanın sədri, professor Famil Mustafayev bildirib ki, ölkənin 53 elmi müəssisəsi (təşkilatı) və ali təhsil müəssisəsində 17 elm sahəsində 138 ixtisas üzrə 76 dissertasiya şurası, eləcə də 40 ixtisas üzrə 35 birdəfəlik dissertasiya şurası yaradılıb. Dissertasiya şuralarına ümumilikdə 1798 yüksəkixtisaslı mütəxəssis, o cümlədən AMEA-nın 48 həqiqi üzvü və 62 müxbir üzvü cəlb edilib.
Famil Mustafayev tədbir iştirakçılarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki göstərişlər”i əsasında Komissiyanın hazırladığı “Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair Tələblər”lə tanış edib. O, həmçinin “Tələblər”ə əsasən müdafiələrin dissertasiya şurası üzvlərinin və digər şəxslərin müdafiənin keçiriləcəyi zalda qismən əyani iştirakı (yaşı 65-dən yuxarı olmamaqla), eyni zamanda, distant qoşulmaları təmin olunmaqla təşkil ediləcəyi barədə və gizli səsvermənin Komissiyanın rəsmi internet saytı üzərindən elektron qaydada həyata keçirilməsi mexanizmi haqqında ətraflı məlumat verib.

Tehsil-press.az



Oxşar xəbərlər