Quş qripi ilə əlaqədar növbəti monitorinqlərə başlanılıb

Quş qripi ilə əlaqədar növbəti monitorinqlərə başlanılıb Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə martın 9-dan 13-dək xəstəliyə qarşı növbəti epizootoloji monitorinqlər keçirəcək.
Monitorinqlər çöl quşları arasında Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasını, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edəcək.
Eyni zamanda, həmin müddətdə Bakı şəhərində, Xaçmaz, Şabran, Siyəzən, Abşeron, Sabirabad, Hacıqabul, Lənkəran, Lerik, Beyləqan, Ucar rayonlarında fəaliyyət göstərən sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Siyəzən, Zərdab, Xaçmaz, Ağcabədi, Qusar, Salyan və Lənkəran rayonlarının ailə-kəndli təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülərək seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, cari mövsümdə dünyanın bir sıra ölkəsində, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və xəstəliyin yayılma arealı genişlənməkdə davam edir. Daxil olan məlumatların təhlili göstərir ki, xəstəliyə yoluxma əksər hallarda vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikanın ərazisindən keçməsi, habelə həmin quşların müvəqqəti və daimi məskunlaşma yerlərinin olması ölkəmizdə də xəstəliyin yayılma riskini artırır.
Bütün bunları nəzərə alaraq ölkəmizdə mövsümi olaraq yüksək patogen quş qripinə görə növbəti epizootoloji monitorinqlər həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər