Tarix Muzeyinin əməkdaşları beynəlxalq elmi seminarda çıxış ediblər

Tarix Muzeyinin əməkdaşları beynəlxalq elmi seminarda çıxış ediblər Özbəkistanın Kamoliddin Biozond adına Milli İncəsənət və Dizayn İnstitutu tərəfindən “Müasir muzeyşünaslığın problemləri: Elm, təhsil, təcrübə” mövzusunda beynəlxalq onlayn elmi seminar keçirilib. Seminarda Milli Azərbaycan Tarixi Muzeyi də təmsil olunub.
Tədbirdə çıxış edən direktor, akademik Nailə Vəlixanlı muzeylərin aktual problemlərindən söz açıb. Qeyd edib ki, muzeyşünaslıq geniş mənada muzey məsələləri ilə bağlı olan elmi tədqiqat işlərini də özündə ehtiva edir. Bu istiqamətdə muzeyin elmi işçiləri elmə böyük töhfələr verir. Muzeyşünaslıq təcrübəsində diqqətçəkən məqamlardan biri də ekspozisiyaların estetik xüsusiyyətləri, onların muzey mühiti ilə düzgün əlaqələndirilməsi, ekspozisiya-interyer münasibətlərinin öyrənilməsi problemidir.
Akademik 44 günlük Vətən müharibəsi və Azərbaycanın zəfər çalması ilə bağlı geniş məlumat verib. Bu münasibətlə muzeydə Vətən müharibəsi fondunun yaradılmasını mühüm hadisə kimi dəyərləndirib, fondun əhəmiyyəti barədə ətraflı çıxış edib.
Seminarda muzeyin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru, dosent Nərgiz Əliyeva “Beynəlxalq sərgilərin təşkili problemləri”, Beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fuad Ağayev "Muzey ekspozisiyası tarixi yaddaşın qorunması vasitəsi kimi" mövzusunda məruzələrlə çıxış ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər