Pedaqoji Universitetin şəhid məzunu Ceyhun Nüsrətlinin xatirəsi anılıb

Pedaqoji Universitetin şəhid məzunu Ceyhun Nüsrətlinin xatirəsi anılıb Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndələri Vətən müharibəsində şəhid olan məzunlarından Ceyhun Aqil oğlu Nüsrətlinin doğum günü münasibətilə onun məzarını ziyarət ediblər.
Universitetin Məzun koordinasiya və karyera bölməsinin müdiri Könül Əsgərova və Ceyhunun 2016-cı ildə məzun olduğu Kimya və biologiya fakültəsinin dekanı dosent Elnarə Mehbalıyeva şəhidin dəfn olunduğu Beyləqanda rayon icra hakimiyyətinin nümayəndələri, Ceyhunun təhsil aldığı məktəbin müəllimləri və tələbə yoldaşları ilə birgə şəhidin məzarını ziyarət edərək, məzarı önünə ADPU rəhbərliyi adından əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Dosent E.Mehbalıyeva, şəhid məzunun müəllimləri və tələbə yoldaşları Ceyhunun igidliyindən, təhsil aldığı müddətdə ictimai aktivliyindən söz açıblar.
Qeyd edək ki, C.Nüsrətli 2012-2016-cı illərdə ADPU-nun kimya müəllimliyi ixtisasında təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb və 2020-ci ilin sentyabrında Vətən müharibəsi başlananda Ağdərə istiqamətində döyüşlərə qatılıb. Sentyabrın 29-da aldığı mərmi zərbələrindən həlak olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Tehsil-press.az

Oxşar xəbərlər