Əlyazmalar İnstitutu elmi təşkilatlar üzrə beynəlxalq reyestrə daxil edilib

Əlyazmalar İnstitutu elmi təşkilatlar üzrə beynəlxalq reyestrə daxil edilib Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ABŞ-ın Kaliforniya Universitetinin Elmi Təşkilatlar Reyestrinə (ROR- Research Organization Registry) daxil edilib və “002kcsd03” saylı qeydiyyat nömrəsi alıb.
Əlyazmalar İnstitutu Azərbaycanın ROR-a daxil edilmiş 28-ci, AMEA-nın isə beşinci elmi tədqiqat institutudur. Sözügedən reyestrdə qeydiyyat prosesi institutun direktoru, akademik Teymur Kərimlinin rəhbərliyi ilə hazırlanmış “Əlyazmalar İnstitutunun beynəlxalq akkreditasiya imkanlarının genişləndirilməsi üzrə tədbirlər planı (2020-2025)” çərçivəsində həyata keçirilib. İnstitutun Beynəlxalq əlaqələr şöbəsi həmin tədbirlər planına uyğun olaraq 2020-ci ildən etibarən Azərbaycan əlyazma irsinin, əlyazmaşünaslıq sahəsində qazanılmış nailiyyətlərin dünyada daha geniş və intensiv şəkildə təqdimatına başlayıb.
Qeyd edək ki, Kaliforniya Universiteti ROR reyestrini elektron materialların identifikasiyasını (DOI- Digital Object Identifier) həyata keçirən Crossref və DataCite elmmetrik tədqiqat şirkətləri ilə müştərək yaradıb. Məqsəd elmi müəssisələrə unikal eyniləşdirmə nömrəsi (OrgID) təyin etməklə onların vahid bazasını yaratmaq, həmçinin həmin təşkilatlarda çalışan və xarici elmi jurnallarda məqalələri dərc olunan müəllifləri iş və tədqiqat sahələri üzrə təsnifləşdirməkdir. Gələcəkdə ROR sistemi üzərindən elmi tədqiqat müəssisəsində çalışan tədqiqatçıların nəşr aktivliyini də izləmək mümkün olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər