Xurşidbanu Natəvanın “Gül dəftəri”nin beynəlxalq reyestrə daxil edilməsi üçün işlər görülür

Xurşidbanu Natəvanın “Gül dəftəri”nin beynəlxalq reyestrə daxil edilməsi üçün işlər görülür Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin sədrliyi ilə UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin fəaliyyətinə dair onlayn iclas keçirilib.
Tədbirdə UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, akademik Teymur Kərimli əsas məqsədin dünya əhəmiyyətli əlyazmaların və müxtəlif bəşəri əhəmiyyətə malik sənədli irsimizin beynəlxalq səviyyədə gələcək nəsillərə çatdırılmasının təmin edilməsi olduğunu deyib. Bu istiqamətdə görülən işləri nəzərə çatdıran alim vurğulayıb ki, komitə öz fəaliyyətini müvafiq qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirərək həyata keçirir. Xarici ölkələrin muzey, arxiv və fondlarında saxlanılan tarixi, mədəni irsimizi əks etdirən nümunələrin ölkəmizə qaytarılması, həmçinin beynəlxalq qeydiyyat siyahısına daxil edilməsi istiqamətində əməli tədbirlər görülür. İndiyədək Əlyazmalar İnstitutunda saxlanılan 4 unikal əlyazma - Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasim”, Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” və Məhəmməd Füzulinin “Divan”ı Dünya yaddaşı reyestrinə daxil edilib.
Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova əlyazmaların UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilməsi sahəsində qurumlararası əlaqələrin genişləndirilməsi və sözügedən proqram çərçivəsində səmərəli fəaliyyətin təmin edilməsi istiqamətində elmi müəssisədə görülən işləri nəzərə çatdırıb. Bu istiqamətdə akademik Teymur Kərimlinin rəhbərliyi ilə institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovun da üzv olduğu komissiyanın yaradıldığını və birgə fəaliyyət nəticəsində səmərəli addımlar atıldığını deyib. Alim Xurşidbanu Natəvanın “Gül dəftəri” albomunun UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilməsi ilə əlaqədar görülən işlər haqqında ətraflı məlumat verib. Beynəlxalq təşkilatın Cənubi Koreya Milli Komitəsi tərəfindən təşkil olunan təlimlərdə iştirakı zamanı reyestrə daxil edilmək üçün təqdim olunmuş “Gül dəftəri” albomu haqqında çıxışlarında əlyazmanın unikallığı, elmi, tarixi, bədii əhəmiyyəti ilə bağlı mövqeyi və obyektiv qiymətləndirməyə yardım edəcək mötəbər arxiv sənədlərini UNESCO ekspertlərinin diqqətinə çatdırdığını vurğulayıb. Alim məsələ ilə bağlı digər təfərrüatları da nəzərə çatdırıb.
Tədbirdə Novruz bayramı ərəfəsində Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan və UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilən əlyazmaların sərgisinin təşkilinə dair məlumat verilib. İclasda qeyd olunan məsələ ilə bağlı virtual sərgi hazırlanması haqqında qərar qəbul edilib. Həmçinin UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin Əsasnaməsində və tərkibində qismən dəyişiklik edilməsi, Dünya Yaddaşı Proqramının Bakıda keçirilməsi təklif edilən 3-cü regionlararası konfransın təşkili ilə bağlı məsələlərə baxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər