Bu gündən dünyada təhsil sahəsində qlobal fəaliyyət həftəsi başlanır

Bu gündən dünyada təhsil sahəsində qlobal fəaliyyət həftəsi başlanır Bu gündən UNESCO tərəfindən təhsil sahəsində qlobal fəaliyyət həftəsi başlanır.
Builki qlobal fəaliyyət həftəsi təhsilin maliyyələşdirilməsi mövzusuna həsr edilib. Həftə ərzində keçiriləcək tədbirlərdə ictimaiyyətin diqqəti inklüziv və bərabər keyfiyyətli təhsilin təmini üçün təhsilin dövlət tərəfindən maliyyələşdirilməsinin genişləndirilməsinə və hər kəsin ömürboyu təhsil imkanlarına kömək edilməsinə yönəldiləcək.
Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Ölkəmizdə təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.
COVID-19 pandemiyası Azərbaycanda da təhsil sisteminə təsir göstərib. Pandemiya şəraitində təhsilin davamlılığının qorunması məqsədilə mühüm addımlar atılıb. 2020-ci il martın 11-dən başlayaraq həftənin 5 günü Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Teledərslər bütün sinifləri əhatə edir. Proqramda dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. 2020-ci il aprelin 2-dən teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verilib.
Xatırladaq ki, pandemiya dövründə Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Tehsil-press.az


Oxşar xəbərlər