Fulya Öztürk Azərbaycanda çəkiliş apardığı 34 gün haqda - Video

Fulya Öztürk Azərbaycanda çəkiliş apardığı 34 gün haqda - Video İkinci Qarabağ müharibəsini yaxından izləyən CNN Türk müxbiri Fulya Öztürk “Bugün gibi” verilişinin qonağı olub.
34 gün ərzində Azərbaycanda canlı yayımlar edən Fulya çəkiliş zamanı yaşadıqlarından bəhs edib.
Gəncə terrorunu xatırlayan F.Öztürk deyib:
“Dəfələrlə qətliamlara şahidlik etdik. Gəncəyə raket atdıqları gün redaktoruma zəng edib “Raket atdılar, raket, raket, raket” deyə bağırdığımı xatırlayıram. Hər tərəf qapqara toz dumanına bürünmüşdü. 1 dəqiqəlik fasilə vermək istədiyim anda dağıntılar altından bir uşağı çıxardılar. Operatorumuz Xəlilə “Uşaq, uşaq. Əli əlimə dəydi” deyə qışqırmağa başladım. Canlı yayıma girərkən, şüursuz şəkildə “əli əlimə dəydi” dedim. 5-6 saat fasiləsiz canlı yayım etdik. Otelə gəldik, düz iki saat tərpənmədən gözüaçıq oturdum”.
Fulya Öztürk Bərdəyə raket zərbəsindən sonra gördüklərindən dərin sarsıntı keçirdiyini bildirib:
“Bərdəyə qadağan olunmuş “Smerç” raketi atıldı. 10 dəqiqəyə hadisə yerindəydim. Yanan maşınlar, yanmış insanlar, ağır qan qoxusu. Bir ata-qız bir-birinə sarılaraq can vermişdi. Çəkiliş zamanı deyirəm açma üzlərini. Amma açırlar. İnsanlar o qədər fəryad edirlər ki... Yəni, bax, gör qətliamı, dünyaya göstər. Bərdədə çəkilişdən sonra mikrofonu maşına atıb hönkür-hönkür ağladım”.
Türkiyəli jurnalist zəfər günü yaşadıqlarını isə belə xatırlayıb:
“Zəfər günü yenə oteldəyəm. Bu dəfə redaktorum özü zəng etdi ki, Paşinyanın açıqlamalarını gördün? Otel başmaqları ilə küçəyə çıxdım. İlham Əliyev açıqlamalar verməyə başlamışdı. Bir-iki saat sonra arxaya çevriləndə insanlar axın-axın küçələrdə idi. Bir gənc yaxınlaşıb “Qazandıq, Fulya xanım, qazandıq” deyərək qaça-qaça gəlirdi”.



Tehsil-press.az

Oxşar xəbərlər