Bakı Xoreoqrafiya Akademiyasında tədbir: Sənətşünaslıq elmində Azərbaycan xalq rəqsinin tədqiqi problemləri

Bakı Xoreoqrafiya Akademiyasında tədbir: Sənətşünaslıq elmində Azərbaycan xalq rəqsinin tədqiqi problemləri Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Beynəlxalq Rəqs Gününə həsr olunmuş “Sənətşünaslıq elmində Azərbaycan xalq rəqsinin tədqiqi problemləri” mövzusunda onlayn tədbir keçirilib.
"Microsoft Teams" platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan İctimai fənlər kafedrasının müdiri, professor Maral Manafova bu əlamətdar günün beynəlxalq şəkildə peşəkar və özfəaliyyət artistlərinin bayramı kimi qeyd edildiyini vurğulayıb.
O qeyd edib ki, rəqs gününün təsis edilməsinin tarixi fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin anadan olduğu günə təsadüf edir: “Rəqs sənətinin bütün üslublarına həsr olunmuş bu bayram mədəni və etnik maneələri aşaraq insanlar arasında birliyi təbliğ edir. Hər bir azərbaycanlıya millət olaraq qürurlanmağa əsas verən, zəngin bədii ənənələrə malik milli rəqsimiz bu günə qədər arzulanan dərəcədə inkişaf yolu keçib”.
BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli bildirib ki, milli rəqslərimiz tariximizlə ayrılmaz şəkildə bağlıdır. Bu da ölkənin tarixi-mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük rol oynadığını göstərir. Prezident İlham Əliyevin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq sahəyə olan diqqət və qayğının göstəricisidir. Xüsusilə qeyd edim ki, Xoreoqrafiya akademiyası Şərq aləmində ilk dəfə Azərbaycanda yaradılıb. Akademiya olaraq bu məsuliyyət dərk edərək gələcək fəaliyyətimizdə də milli rəqslərimizin qorunub saxlanılmasında və inkişafında öz xidmətlərimizi göstərəcəyik.
Sonra tədbirin digər iştirakçıları məruzə ilə çıxış ediblər.
Tədbirdə BXA-nın Sənətşünaslıq kafedrasının müdiri, professor Rafiq Sadıqov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov, akademiyanın elmi katibi Yeganə Əliyeva, sənətşünas Könül Əzimova və II kurs magistr tələbəsi Aydın Əhmədli iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər