Tarix Muzeyində tədbir: Qarabağın sehrli xalçaları

Tarix Muzeyində tədbir: Qarabağın sehrli xalçaları Milli Azərbaycan Tarixi Muzeyində 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsi çərçivəsində “Qarabağın sehrli xalçaları” adlı sərgi-tədbir keçirilib.
Tədbir muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilib. “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsinin budəfəki sayı da Qarabağ xalçalarına həsr edilib. S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının və Nəsimi rayon Texniki-Humanitar Liseyin şagirdləri muzeydə qorunan, Qarabağın mədəni irsini özündə ehtiva edən xalçaların şəklini çəkib və bu şəkillər muzeydə keçirilən “Qarabağın sehrli xalçaları” adlanan sərgi-tədbirdə nümayiş olunub.
Tədbirdə Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi Beynəlxalq Muzeylər Günü haqqında ətraflı məlumat verib. Sonra muzeyin Etnoqrafiya elmi-fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova və Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova çıxış ediblər. Çıxışlarda Qarabağda xalçaçılığın yaranma tarixindən, xalça sənətinin Azərbaycan xalqının qədim sənət növlərindən biri olaraq mədəniyyətimizin tərkib hissəsi olduğundan, əsrlərdən bəri inkişaf edən Qarabağ xalçaçılığının çeşidli xalça növlərindən bəhs edilib.
“Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsinin rəhbəri, Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlı layihənin məqsədinin məktəblilərə tarixə dair yeni biliklər vermək, hobbilərinə, gələcək peşə seçimlərinə kömək etmək və yenilik qatmaq olmasını vurğulayıb.
Sonda iştirakçılara təşəkkürnamələr təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər