Əkilən saçlar sonradan tökülürmü?

Əkilən saçlar sonradan tökülürmü? Saç tökülməsi əsasən kişilər arasında sıx rast gəlinir. Bu estetik problemi çox insan özünə dərd etməsə də, son vaxtlar xarici görünüşünə daha həssas yanaşan kişilərin sayının artması da həqiqətdir. Hətta belə səbəblərdən psixoloji problemlər yaşayanlar da var. Bu isə insanları çarə axtarmağa yönəldir. Buna görə biz son dövrlər saç əkiminə tələbatın artdığını müşahidə edirik.
Saç əkimi “donor bölgə” deyilən başın arxa bölgəsindən tüklərin alınıb, saçı tökülmüş hissəyə köçürülməsinə deyirlər. Ege Hospitalın dermatoloqu Dr. Vəli Cəfərov saç əkiminin daha çox “kişi tipli” saç tökülməsində istifadə olunduğunu bildirib. Kişi tipi saç tökülməsi saçların alnın üstündən və yanlardan başlayaraq arxaya doğru gedərək tökülməsinə deyilir. “Bu tip saç tökülməsi daha çox kişilərdə rast gəlinməklə birlikdə, xanımlarda da ola bilər” deyə həkim qeyd edib.
Həkim onu da bildirib ki, hazırda dünyada ən geniş yayılmış saç əkimi metodu FUE metodu (Follicular Unit Extraction - follikulyar vahid çıxarılması), yəni tüklərin bir-bir alınıb ön tərəfə açılan kanallara yerləşdirilməsidir.
Saç əkim proseduru əslində minimal cərrahi bir prosedurdur. Dr. Cəfərov əkimdən sonra xəstənin bir həftə yüngül çətinliyinin olduğunu, 9-10 günə isə, normal həyatına qayıtdığını deyir.
“Əkimdən təxminən 3-4 gün sonra tükü götürdüyümüz yerdə, ənsə nahiyəsində yüngül ağrılar olur. Sonra o da düzəlir, başqa bir problem olmur. Sadəcə 3 aydan bir kontrolları edirik” deyən həkim prosedurun bütün mərhələlərinin saç əkdirmək istəyənlərə qabaqcadan izah olunduğunu bildirir. Xəstələri ən çox narahat edən sual isə əkilən saçların yenidən tökülüb-tökülməyəcəyi ilə bağlıdır. Həkim bu suala cavab olaraq ənsə nahiyəsindən alınıb ön tərəfə əkilən tüklərin qalıcı olduğunu deyir: “Düzdür, saç əkdirən xəstələrin 95 faizində əkimdən sonra 3 aya qədər bir ‘şok tökülmə periodu’ olur. Amma bu normal bir şeydir. 3 aydan sonra yenidən çıxmağa başlayır.”

Tehsil-press.az

Oxşar xəbərlər