AzMİU-da Almaniya şirkətinin elmi-tədqiqat laboratoriyası yaradılıb

AzMİU-da Almaniya şirkətinin elmi-tədqiqat laboratoriyası yaradılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının təşəbbüsü ilə Almaniyanın “WILO SE” şirkəti tərəfindən hədiyyə edilmiş elmi-tədqiqat laboratoriyasının açılış mərasimi olub.
Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov yeni yaradılmış laboratoriya barədə ətraflı məlumat verərək bildirib ki, dünyanın 5 ən böyük su nasosları istehsalçılarından olan “WILO SE” şirkəti bu gün bina texnikası, su idarəçiliyi və sənaye sektorunun premium təchizatçısıdır. O, laboratoriyada Çelyabinskdən gətirilmiş stend barədə də məlumat verib, geniş texniki imkanlara malik olan yeni laboratoriyanın həm tədqiqat işlərində, həm də tədris prosesində kafedranın əməkdaşlarına və tələbələrə böyük dəstək olacağına əminlik ifadə edib.
Şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Çingiz Əhmədov AzMİU ilə əməkdaşlıqdan məmnunluğunu bildirib və təmsil etdiyi şirkətin 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, əlaqələrin daha da möhkəmlənməsi üçün gələcəkdə birgə seminar və treninqlərin keçirilməsini, tələbələrə sertifikatların verilməsini təklif edib.
Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Tobias Baumann laboratoriyanın açılmasını alqışlayıb, universitetin istehsalatla, şirkətlərlə əlaqələrinin qurulmasının, işgüzar əməkdaşlıqların vacib olduğunu vurğulayıb.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova müasir laboratoriyanın yaradılmasını universitetin maddi-texniki bazasının gücləndirilməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirib, şirkətin rəhbərliyinə təşəkkürünü bildirib. Universitetin, eləcə də Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının istehsalatla geniş əlaqələrinin olduğunu, bu əlaqələrin tədris prosesinə, kadr hazırlığına müsbət təsir göstərdiyini vurğulayan rektor yeni laboratoriyanın açılışını uğurlu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib.

Tehsil-press.az


Oxşar xəbərlər