Azərbaycan Memarlıq və İnşaat Universitetində beynəlxalq konfrans keçirilir

Azərbaycan Memarlıq və İnşaat Universitetində beynəlxalq konfrans keçirilir Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İstilik energetika qurğularının tullantılarından ətraf mühitin mühafizəsinin mühəndis problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. İki gün davam edəcək konfrans texnika elmləri doktoru, professor, Əməkdar Müəllimi Həsən Feyziyevin anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr edilib. Konfransda respublikamızın ali təhsil müəssisələrinin alimləri ilə yanaşı, Rusiyadan, İsraildən qonaqlar da iştirak edirlər.
Konfransda universitetin rektoru, professor Gülçöhrə Məmmədova görkəmli ixtiraçı alim, əsl ziyalı, dəyərli pedaqoq Həsən Feyziyevi yubiley münasibətilə təbrik edib, ona ən xoş arzularını çatdırıb. Rektor H.Feyziyevin 40 ilə yaxın müddətdə AzMİU-da çalışdığını, bu illər ərzində məktəb yaratdığını, onlarla alim yetişdirdiyini, Azərbaycan elminə və təhsilinə önəmli töhfələr verdiyini vurğulayıb. Bildirilib ki, bu günədək alimin təxminən 300 elmi əsəri, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitləri çap olunub, 40-dan çox ixtirası var.
Rektor H.Feyziyevin yubileyi ilə əlaqədar keçirilən konfransın bütün dünyada ciddi məsələ olan sənaye sularının təmizlənməsi, dəniz suyunun şirinləşdirilməsi, şirin su problemi, çirkli suların təmizlənməsində nanotexnologiyaların tətbiqi kimi aktual mövzuya həsr edildiyini vurğulayıb. G.Məmmədova konfransda iştirak edən gənc alimlərin araşdırmalarının bu sahədə aparılan tədqiqatlara yeni istiqamətlər verəcəyinə əminliyini bildirib.
AzMİU-nun mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov qocaman professorun həyat yolu, elmi fəaliyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verib. Qeyd edilib ki, 300-dək elmi əsərin müəllifi olan H.Feyziyev sovet dönəmində iki dəfə SSRİ ixtiraçısı adını alıb, onun kəşf etdiyi su qurğuları keçmiş Sovet respublikalarının böyük əksəriyyətində geniş tətbiq olunur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professorları Kamal Abdullayev və Muxtar Ağamalıyev Həsən Feyziyevin elmi yeniliklərindən, ixtiralarından, dəniz suyunun yumşaldılması istiqamətində gərgin fəaliyyətindən danışıb, onun keçmiş sovetlər birliyində bu sahədə yeganə mütəxəssis olduğunu vurğulayıblar. Rusiyalı alim “Enerqoekoservis” MMC-nin baş direktoru, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü İ.Malaxov, İsraildən gəlmiş “Softentech” şirkətinin direktoru Q.Davıdov qeyd ediblər ki, bu gün Azərbaycan H.Feyziyevin apardığı tədqiqatların nəticələrinə görə su emalının mərkəzinə çevrilib.
Konfrans işini bölmələrdə davam etdirib.

AzMİU-nun Mətbuat Xidməti


Azərbaycan Memarlıq və İnşaat Universitetində beynəlxalq konfrans keçirilirAzərbaycan Memarlıq və İnşaat Universitetində beynəlxalq konfrans keçirilir

Oxşar xəbərlər