Emin Əmrullayev: Yay məktəbinə qeydiyyat könüllülük prinsipi ilə aparılacaq

Emin Əmrullayev: Yay məktəbinə qeydiyyat könüllülük prinsipi ilə aparılacaq Yay məktəbində övladının STEAM və “Rəqəmsal bacarıqlar” qrupunda təhsil almasını istəyən valideynlər övladlarını bu qrupların təşkil olunduğu digər məktəblərdə qeydiyyatdan keçirə bilərlər.
Bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib.
O bildirib ki, yay məktəbinin təşkil olunmasında məqsəd şagirdlərə əlavə təhsil imkanı yaratmaqdır. Ona görə də yay məktəbinə qeydiyyat könüllülük prinsipi ilə aparılacaq.
Xatırladaq ki, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə iyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla yay məktəbinin təşkil ediləcək. İyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən olunacaq.
Yay məktəbində bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edə bilərlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 3 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 4 saat olmaqla təşkil olunacaq. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər