Təhsil Nazirliyi və “Cisco” şirkətinin nümayəndələri yeni layihələr barədə fikir mübadiləsi aparıb

Təhsil Nazirliyi və “Cisco” şirkətinin nümayəndələri yeni layihələr barədə fikir mübadiləsi aparıb Təhsil naziri Emin Əmrullayev “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb.
Görüşdə “Cisco” şirkətinin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sperou, şirkətin Azərbaycan üzrə Qlobal İnnovasiya direktoru Ramil Eyyubov və ərazi üzrə məsul meneceri Fərid Zeynalov iştirak ediblər.
Görüşdə “Cisco” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Təhsil Şəbəkəsinin quruluşu çərçivəsində “Cisco” şirkəti ilə yaxından əməkdaşlıq edilib. Şirkətin təqdim etdiyi həllər vasitəsilə təhsil müəssisələrində IP-telefoniya, videokonfrans rabitə sistemi, vahid təhsil platforması yaradılıb. Cari ildə tətbiq olunmuş “Cisco Umbrella” texnologiyası vasitəsilə Azərbaycan Təhsil Şəbəkəsinin təhlükəsizliyi və məzmununun süzgəclənməsi keyfiyyətlə gücləndirilib.
Bildirilib ki, hazırda “Cisco” şəbəkə akademiyalarının Azərbaycanda sayı 13-ə çatdırılıb. Ötən tədris ilində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açılmış akademiya vasitəsilə “Cisco” şirkətinin təhsil məzmunu tədris planına inteqrasiya olunub və digər peşə təhsili müəssisələrinin təhsilverənləri üçün ixtisasartırma tədbirləri təşkil edilib. Akademiyalarda informasiya texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, həmçinin kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.
Bununla yanaşı, ötən tədris ilində şirkətlə əməkdaşlıq çərçivəsində Bakı şəhəri 46 nömrəli tam orta məktəbdə “Connected School” pilot layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində seçilmiş pilot məktəb “Cisco” avadanlıqları və proqramları ilə təmin edilib, təhsil müəssisəsinin şagird, müəllim və inzibati-idarəetmə heyəti üçün təlimlər təşkil olunub, idarəetmə və tədris prosesində informasiya texnologiyalarından effektiv istifadəyə nail olmaq məqsədilə sistemli işlər həyata keçirilib.
Tərəflər əməkdaşlığın davam etdirilməsi və birgə yeni layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar. Müzakirə nəticəsində “Cisco” təcrübəsinin, innovativ həll və texnologiyalarının təhsil sahəsində tətbiqi, təhlükəsiz internet və rəqəmsal məzmun üzrə işlərin aparılması nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər