Bakı Ali Neft Məktəbi “Cisco” şirkəti ilə əməkdaşlığa başladı

Bakı Ali Neft Məktəbi “Cisco” şirkəti ilə əməkdaşlığa başladı Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Cisco” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Ramil Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə “AzNext” şirkətinin direktoru Səməd Abbasov da iştirak edib.
Əvvəlcə qonaqlar Bakı Ali Neft Məktəbinin kampusu, burada yaradılan şəraitlə tanış olublar.
Görüşdə Elmar Qasımov son illər təhsil sistemində idarəetmənin informasiyalaşdırılması, İKT infrastrukturunun inkişafı, elektron təhsil texnologiyalarının tətbiqi istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. O qeyd edib ki, bu istiqamətdə dövlət və özəl qurumlar arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə xüsusi önəm verilir.
Görüşdə, eyni zamanda, “Cisco” şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi, gələcək imkanlar barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycanda təhsil sahəsində “Cisco” şirkəti ilə sıx əməkdaşlıq edilir və şirkətin təqdim etdiyi həllər vasitəsilə bir sıra təhsil müəssisələrində müasir təhsil platforması yaradılıb.
Şirkətin Azərbaycan üzrə icraçı direktoru Ramil Eyyubov “Cisco”nun informasiya texnologiyaları sahəsində dünya lideri olduğunu və Azərbaycanda aparıcı təhsil müəssisəsi kimi Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa maraqlı olduqlarını vurğulayıb.
Tərəflər əməkdaşlığın davam etdirilməsi, birgə layihələrin reallaşdırılması, BANM-də yaradılması nəzərdə tutulan Kibertəhlükəsizlik mərkəzinin formalaşdırılması, tələbələrin startap ideyalarına dəstək, İnnovasiya və Tədqiqat Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, distant təhsil barədə müzakirələr aparıblar.
Sonda Əməkdaşlıq Memorandumu imzalanıb. Müqaviləyə əsasən, ali məktəbin tələbələri və müəllimləri üçün “Cisco”nun mütəxəssisləri tərəfindən təlimlər aparılması, birgə tədqiqat və inkişaf layihələrinin təşkili, informasiya-kommunikasiya texnologiyaları sahəsində tədris proqramlarının praktik olaraq həyata keçirilməsinə dair maarifləndirici seminarlar keçirilməsi, “Cisco” texnologiyaları və innovativ məhsullar əsasında mütərəqqi həll yollarının nümayiş etdirilməsi üçün imkanlar yaradılması, tədrisdə yeni texnologiyaların tətbiqi üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.
Qeyd edək ki, BANM-in nəzdində yaradılmış “Cisco Şəbəkə Akademiyası” informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və həmçinin bu sahəyə marağı olan tələbələr üçün nəzərdə tutulur. “Cisco Şəbəkə Akademiyası”nda dərslər “Cisco” şirkətinin beynəlxalq proqramına əsaslanır və peşəkar, sertifikatlı mütəxəssislər tərəfindən keçirilir.
Akademiyada aşağıda qeyd olunan istiqamətlərdə kurslar təşkil olunur:
-Şəbəkə texnologiyaları (CCNA, CCNP);
-Təhlükəsizlik və kibertəhlükəsizlik;
-Əşyaların interneti (IoT);
-Proqramlaşdırma.
Bunlarla yanaşı, keçiriləcək təlimlər sayəsində tələbələr “Cisco sertifikatlı şəbəkə mütəxəssisi” (CCNA) və ya “Cisco sertifikatlı şəbəkə peşəkarı” (CCNP) statuslarını qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcək və real tədris laboratoriyası üzərində praktiki biliklər qazanacaqlar.

Tehsil-press.az



Oxşar xəbərlər