İlahiyyat İnstitutunda yay imtahan sessiyasının yekunları və tədrisin təşkili məsələləri müzakirə olunub

İlahiyyat İnstitutunda yay imtahan sessiyasının yekunları və tədrisin təşkili məsələləri müzakirə olunub Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) cari məsələlərlə bağlı növbəti iclas keçirilib. İclasda 2020-2021-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestri yay imtahan sessiyasının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və pandemiya dövründə tədrisin məsafədən təşkili müzakirə olunub.
“ZOOM” proqramı vasitəsilə keçirilən iclasda Aİİ-nin rəhbər heyəti, müəllimlər və əməkdaşlar iştirak ediblər.
Rektor Aqil Şirinov yay imtahan sessiyasının yekunları ilə bağlı məsələlərə toxunub. Qeyd edilib ki, 2020-2021-ci tədris ili üzrə hər iki semestrin dərsləri və imtahanları məsafədən onlayn formatda uğurla həyata keçirilib.
İnstitut rəhbəri daha sonra bildirib ki, tələbələrin dərslərdə və imtahanlarda fəal iştirakı tədrisin daha yaxşı təşkilinə, həmçinin mənimsənilməsinə şərait yaradıb.
A.Şirinov təhsilalanlar üçün nəzərdə tutulan ödənişsiz ərəb və ingilis dili kurslarının fəaliyyətinə toxunub, dil bacarıqlarının mükəmməlləşdirilməsi üçün bu proqramların təşkilinin önəmini xüsusi vurğulayıb. Eyni zamanda, İslam əqaidi üzrə ərəbcə klassik dini mətnləri oxuma kursu və təşkil olunacaq fiqh kursu haqqında məlumat verib.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində çap olunan kitablardan bəhs edib. O, magistratura və doktorantura səviyyələrinə qəbulla bağlı məsələlərə, Aİİ-nin kitabxanasının fəaliyyətinə də toxunub.
İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova isə imtahan sessiyasında tələbələrin kəmiyyət və keyfiyyət göstəricilərindən danışıb. Yaz semestri yay imtahan sessiyasının keçirilməsi, imtahanların nəticələri haqqında məlumat verib.
Sonra cari məsələlər müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər