Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyasına hazırlıq məsələsi müzakirə edilib

Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyasına hazırlıq məsələsi müzakirə edilib Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Elmi şuranın yay imtahan sessiyasına hazırlıqla bağlı iclası keçirilib.
İclasda mövcud şəraitdə cari semestr üzrə tələbələrin biliyinin qiymətləndirilməsi, yay imtahan sessiyasının təşkili və digər məsələlər müzakirə olunub.
İclasda çıxış edən institutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov müzakirə olunacaq mövzulara toxunub, xüsusilə yaz semestrinin yay imtahan sessiyasına hazırlıq barədə məsələlərə aydınlıq gətirilməsini diqqətə çatdırıb.
Aİİ-nin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov çıxış edərək, yaz semestri müddətində tədrisin distant təşkili, tələbələrin qiymətləndirilməsi məsələləri haqqında danışıb, tədrisin təşkili zamanı dərslərin sillabuslara, təsdiqlənmiş dərs cədvəllərinə uyğun olaraq keçirildiyini vurğulayıb.
Sonra ali təhsil müəssisəsinin elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində institutun müəllim və əməkdaşlarının əməyi sayəsində dərc olunan kitablardan bəhs edib. Prorektor Aİİ-də dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə yaradılmış Birdəfəlik dissertasiya şurasının tərkibində elmi seminarın iclasları barədə məlumat verib.
İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova tələbələrin dərsə davamiyyəti məsələsinə toxunub, yaz semestrinin yay imtahan sessiyasına tam hazır olduqlarını nəzərə çatdırıb.
İnstitutun Tədris şöbəsinin müdiri Zərifə Əliyeva yay semestr imtahanlarına hazırlıqla bağlı məlumat verib. İmtahan biletlərinin hazırlanması, imtahan prosesi ilə bağlı məsələlərin yekunlaşdığını qeyd edib.
Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova yaz semestri dövründə magistratura pilləsi üzrə təhsilalanların dərslərə davamiyyəti, magistrant və doktorantların yerli və beynəlxalq konfranslara cəlb olunması məsələləri haqqında bəhs edib.
Sonda rektor Aqil Şirinov imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunacağını vurğulayıb.
Xatırladaq ki, təhsil nazirinin müvafiq əmrinə əsasən ali və orta ixtisas təhsili müəssisələrində 2020/2021-ci tədris ili yaz semestrinin yay imtahan sessiyası distant (məsafədən) formatda keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər