Azərbaycan İlahiyyat İnstitutunda “İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfrans

Azərbaycan İlahiyyat İnstitutunda “İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfrans Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan “Türk Ocağı”nın təşkilatçılığı ilə “İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu” mövzusunda elmi konfrans öz işinə başlayıb. Tədbir görkəmli dövlət və ictimai-siyasi xadim Nəsib bəy Yusifbəylinin anadan olmasının 140 illiyinə həsr edilib.
Azərbaycanın və Türkiyənin ali təhsil müəssisələri alimlərinin iştirak etdikləri tədbirdə əvvəlcə iki respublikanın Dövlət himnləri səsləndirilib. Sonra 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov ictimai-siyasi xadim Nəsib bəy Yusifbəylinin həyatını xalqına həsr edən şəxsiyyət olduğunu vurğulayıb, onun qısa ömür yaşamasına baxmayaraq, böyük xidmətlər göstərdiyini qeyd edib.
A.Şirinov ümumtürk kontekstində düşünən və hər zaman ictimai fəaliyyətində bunu əks etdirən Nəsib bəy Yusifbəylinin Türkiyədəki fəaliyyətini də yüksək qiymətləndirib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonrakı dövrdə N.Yusifbəylinin fəaliyyətindən bəhs edən rektor onun hökumətdə vəzifə tutduğu dönəmlərdə xalqın maarifləndirilməsi, savadlanması yolunda xidmətlərinin danılmaz olduğunu vurğulayıb.
Azərbaycan “Türk Ocağı”nın başqanı, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı N.Yusifbəylinin Cümhuriyyətin başlıca simalarından biri olduğunu vurğulayıb, onun Baş nazir və maarif naziri olduğu dönəmlərdəki fəaliyyətindən danışıb.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iki dövlətin qardaşlıq əlaqələrindən bəhs edib. O, iki qardaş ölkə arasındakı əlaqələrin yalnız elm, təhsil, mədəniyyət deyil, bütün sahələrdə inkişaf etdiyini deyib.
Səfir Nəsib bəy Yusifbəylinin xüsusilə Xalq Cümhuriyyəti dövründə 100 tələbənin xaricdə təhsil alması üçün gördüyü işlərdən, maarif naziri kimi fəaliyyət göstərdiyi dönəmdəki yüksək fəaliyyətindən danışıb.
Türk Ocaqlarının rəhbəri, professor Mehmet Öz konfransa onlayn formatda qoşulub. O, Nəsib bəy Yusifbəylinin Türkiyədəki fəaliyyətini, xüsusilə gənclərin maariflənməsi, savadlanması yolunda göstərdiyi əvəzsiz xidmətləri vurğulayıb.
Milli Məclisin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa konfransın əhəmiyyətini diqqətə çatdırıb. Deputat, həmçinin “Difai” təşkilatının yaranmasında N.Yusifbəylinin rolunun, o cümlədən İsmayıl bəy Qaspralı ilə olan münasibətlərinin araşdırılmasının vacibliyini qeyd edib.
Tədbirdə Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov görkəmli şəxsiyyət Nəsib bəy Yusifbəylinin ictimai-siyasi fəaliyyətindən ətraflı söz açıb. Onun fəaliyyət göstərdiyi dövrdə Bakı Dövlət Universitetinin yaranması, yüzlərlə tələbənin xaricdə təhsil alması, həmçinin ana dili ilə bağlı bir sıra məsələlərin öz həllini tapdığını qeyd edib.
Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram konfransa onlayn formatda qoşularaq, Nəsib bəy Yusifbəylinin faciəvi sonluqla nəticələnən həyatından bəhs edib. Onun Cümhuriyyət dövründəki fəaliyyətini qeyd edərək, milli şüurun formalaşmasında əvəzsiz xidmətlərindən danışıb.
Konfrans işini panellərlə davam etdirib.

Tehsil-press.az


Oxşar xəbərlər