Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” həftəsi davam edir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” həftəsi davam edir Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” həftəsi davam edir.
“Açıq qapı” həftəsində iştirak edənlərə son illər ölkəmizdə peşə təhsilinin genişləndirilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təqdimatı edilib. Təqdimatda qeyd olunub ki, inzibati bina, 2 emalatxana və 2 yataqxanadan ibarət olan mərkəzdə 1000 tələbənin təhsil almasına imkan var. Mərkəzdə müasir tələblərə uyğun, qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyyətli kadrlar hazırlanır. Dərslərin 60 faizini praktiki, 20 faizini nəzəri məşğələlər, 20 faizini isə baza modulları (biznes etikası, texniki ingilis dili, ünsiyyət bacarıqları) təşkil edir. Mərkəz dövlət-özəl tərəfdaşlığı çərçivəsində 94 şirkətlə əməkdaşlıq qurub, 40-dan çox anlaşma memorandumu imzalayıb.
“Açıq qapı” həftəsinin qonaqları - Dövlət Məşğulluq Agentliyinin Peşəyönümü şöbəsinin baş mütəxəssisi Lalə Rəsulova, “Polymart” MMC-nin istehsalat üzrə direktor müavini Nurlan Rəfiyev karyera qurmaq üçün vacib olan məqamlardan danışıblar.
Mərkəzin tələbələrinin uğur hekayələri təqdim olunub.
Müzakirə sessiyasında valideynlərin, şagirdlərin peşələrlə bağlı sualları cavablandırılıb. Tədbirdə iştirak edən şagirdlər arasında ixtisas seçiminə dair sorğu keçirilib.
Mərkəzin maddi-texniki bazası və emalatxanalarla tanış olmaq üçün infotur təşkil edilib.
Xatırladaq ki, iyulun 5-də start verilən “Açıq qapı” həftəsi iyulun 8-dək davam edəcək. “Açıq qapı” günlərinin məqsədi həftə ərzində şagirdlər, valideynlər, müəllimlər üçün peşəyönümü və maarifləndirmə tədbirləri təşkil etmək, peşə təhsilinin imkanları və düzgün karyera seçimi haqqında məlumat verməkdir. Tədbirdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, burada tədris edilən ixtisaslar, təhsilin formatı, işəgötürənlərlə əlaqələr, uğurlu məzunlar və qəbul qaydaları haqqında təqdimat edilir. Cəmiyyətdə tanınan karyera planlaşdırılması üzrə mütəxəssislər əmək bazarındakı trendlər, peşə seçərkən vacib məqamlar, uğurlu karyera qurmağın yolları barədə çıxışlar edir və bu istiqamətdə müzakirələr təşkil olunur.

Tehsil-press.az

Oxşar xəbərlər