Əhali daha çox pulsuz çimərliklərə gedir

Əhali daha çox pulsuz çimərliklərə gedir Azərbaycanda artıq çimərlik mövsümü başlayıb. Çimərliklərdəki durumla əlaqədar mövzunun aktuallığını nəzərə alaraq Media Təhlil Mərkəzi (MTM) tərəfindən 28 iyun – 3 iyul tarixlərində sorğu keçirilib.
Sorğuda iştirak edən 1005 respondentin 47%-ni qadınlar, 53%-ni kişilər təşkil edib.
Respondentlərin 39%-i artıq çimərliyə getdiyini, 33%-i isə gedəcəyini bildirib. Pandemiyaya görə bu il çimərliklərə üz tutmayacağını qeyd edənlər cavab verənlərin 7%-ni təşkil edib. Respondentlərin 21%-i isə ümumiyyətlə çimərliklərə getmədiyini qeyd edib.
Sorğu iştirakçılarının 28%-i çimərlikdə sosial məsafənin saxlanılmasını lazımsız tədbir hesab etsə də, cavab verənlərin 17%-i əksini düşünür. İnsanların az toplaşdığı çimərliklərə üz tutmağı məqsədəuyğun sayanlar respondentlərin 25%-ni təşkil edib. İştirakçıların 14%-i vaxt amilini nəzərə almağı və çimərliyə gedərkən insanların daha az toplaşdığı saatları seçməyi düzgün hesab edib. Çimərliyə getmədiyini qeyd edərək, bu barədə fikir bildirməyənlər respondentlərin 16%-ni təşkil edib.
Bir və ya bir neçə variant seçmək imkanına malik olan respondentlər “Azərbaycanda hansı çimərliyi bəyənirsiniz?” sualına aşağıdakı kimi cavab verib:
Bilgəh – 39,4%;
Mərdəkan-Şüvəlan – 28,1%;
Novxanı – 22,6%;
Şıxov – 9,7%;
Buzovna – 12,9%;
Zuğulba – 7,9%;
Pirşağı – 13%;
Nardaran – 12,3%;
Türkan – 5,1%;
Hövsan – 4,2%
Sumqayıt – 5,3%;
Digər – 14,4%;
Heç birini bəyənmirəm – 18%.
Respondentlərin 46%-i ödənişsiz, 36%-i ödənişli çimərliklərə üz tutduğunu qeyd edib. Ümumiyyətlə çimərliyə getmədiyini deyənlər bu suala cavab verənlərin 18%-ni əhatə edib.
Sorğuda iştirak edənlərin bu il çimərliklərdən istifadə zamanı hansısa xüsusi qaydaların tətbiq olunmasının vacibliyi ilə bağlı fikirləri müxtəlif olub. İştirakçıların 37%-i qeyd edib ki, paltardəyişmə otaqlarında və sanitar qovşaqlarda təmizlik qaydalarına riayət olunmalıdır. “Çimərlik ərazisində tullantılar xüsusi ayrılmış qutulara atılmalıdır” deyənlər cavab verənlərin 30%-ni təşkil edib. Sorğu iştirakçılarının 10%-i dezinfeksiya məhlullarından tez-tez istifadə edilməsini, 8%-i isə sahildə çimmək üçün zonaların xüsusi işarələrlə ayrılmasını vacib hesab edib. Cavab verənlərin 15%-i üçün hansısa qaydalara riayət olunub-olunmamasının fərqi yoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər