UNEC-də xaricdə təhsil alan doktorantlarla görüş

UNEC-də xaricdə təhsil alan doktorantlarla görüş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən razılıq məktubu verilən doktorantlarla görüş keçirilib.
Görüşdə çıxış edən rektor Ədalət Muradov rəhbəri olduğu ali təhsil müəssisəsinin strateji hədəflərindən söz açıb. Bildirib ki, UNEC-də elmi fəaliyyətin, kadr potensialının daha da gücləndirilməsi istiqamətində ciddi hədəflər ortaya qoyulub. Bu istiqamətdə gənc müəllimlərlə birgə əməkdaşlıq prioritet götürülür.
Rektor UNEC-də müxtəlif istiqamətlər üzrə 32 tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini, beynəlxalq indeksli jurnallarda impakt faktorundan asılı olaraq, dərc olunan elmi məqaləyə görə 4 min manatadək qonorarın müəyyən edildiyini deyib. Həmçinin nüfuzlu xarici universitetdə bir il müddətinə tədqiqat aparmaq üçün dəvət almış UNEC müəlliminin həmin müddətdə əməkhaqqının saxlanıldığını vurğulayıb.
Doktorantlara UNEC-də Ömürboyu təhsil fakültəsinin yaradıldığı və burada korporativ təhsil üzrə mütəxəssis hazırlığının da aparıldığı bildirilib.
Sonra doktorantların təklifləri dinlənilib və sualları cavablandırılıb.
Qeyd edək ki, 13 doktorant Türkiyənin İstanbul Universitetində, biri isə Niderland Krallığının Mastriçt Universitetində təhsil almaq hüququ qazanıb. Onlar təhsil aldıqları müddətdə UNEC-də təlim-tədris sisteminin yenilənməsi, birgə elmi məqalələrin hazırlanması, elmi-tədqiqat aparılmasında və s. iştirak edəcəklər, eləcə də 5 il UNEC-də pedaqoji fəaliyyət göstərəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər