Azərbaycan və İraq yazılı abidələrin elektron surətlərinin mübadiləsini həyata keçirəcək

Azərbaycan və İraq yazılı abidələrin elektron surətlərinin mübadiləsini həyata keçirəcək Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Bakıda avqustun 6-da keçirilmiş ikinci iclasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli də iştirak edib. İclasın sonunda Azərbaycan Respublikası və İraq Respublikası hökumətləri arasında yuxarıda göstərilən sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının Protokolu imzalanıb.
Protokolda hər iki ölkənin əlyazmalar fondunun yazılı abidələrinin elektron surətlərinin qarşılıqlı mübadiləsi hesabına zənginləşdirilməsi də nəzərdə tutulub. Bu fəaliyyət çərçivəsində Əlyazmalar İnstitutu ilə Bağdad Universitetinin Ərəb Elmi İrs Mərkəzi arasında ərəb müəllif və xəttatları tərəfindən ərəb dilində yazılmış yazılı abidələrlə Azərbaycan müəlliflərinin və xəttatlarının Azərbaycan dilində yazılmış əlyazmalarının elektron surətlərinin qarşılıqlı mübadiləsi həyata keçiriləcək.
Qeyd edək ki, bu il mayın 24-də İraq Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət bölməsinin birinci katibi doktor Hudayfa Mahmud Ziadın Əlyazmalar İnstitutunda olmuşdu. Görüş zamanı Əlyazmalar İnstitutunun İraq Respublikasında fəaliyyət göstərən əlyazma mərkəzləri ilə elmi əlaqələrinin perspektivləri müzakirə edilmişdi.

Tehsil-press.az



Oxşar xəbərlər