Birinci ixtisas qrupunun birincisi Əbil Şəfiyev: Bakı Ali Neft Məktəbində təhsil almaq hədəfim idi

Birinci ixtisas qrupunun birincisi Əbil Şəfiyev: Bakı Ali Neft Məktəbində təhsil almaq hədəfim idi Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Dövlət İmtahan Mərkəzinin (DİM) I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında 697,1 balla ən yüksək nəticə göstərən və BANM-i seçən Əbil Şəfiyev və onun ailə üzvləri ilə görüşüb.
Görüşdə rektor Elmar Qasımov Əbil Şəfiyevin valideynlərinə və onun təhsil aldığı Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin müəllimlərinə təşəkkürünü ifadə edib. Rektor bildirib ki, Sumqayıt şəhər məktəblərini bitirən gənclər hər il qəbul imtahanlarında yüksək nəticələr göstərirlər.
E.Qasımov Əbil Şəfiyevə BANM-in döş nişanını hədiyyə edib.
Əbil Şəfiyev 2004-cü il martın 29-da Sumqayıt şəhərinə anadan olub. Ailəsi 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkün olub və Sumqayıt şəhərində mehmanxanada məskunlaşıb.
Orta məktəbi əla qiymətlərlə bitirən Əbil Şəfiyev təhsillə bağlı fikirlərini açıqlayaraq deyir: “Mən qəbul imtahanlarında yüksək bal toplamaq və nüfuzlu ali məktəbə daxil olmaq üçün dərsləri yaxşı oxumağın yeganə yol olduğunu bilirdim. Ona görə də çox çalışırdım. 2019-cu ildə Sumqayıtda məcburi köçkünlər üçün salınmış qəsəbədə bizə mənzil verildi. Mənzil şəraitimizin yaxşılaşdırılması da mənim dərslərimi yaxşı oxumağıma şərait yaratdı. Orta məktəbi əla qiymətlərlə bitirdim. Attestatı mənə şəhid generalımız Polad Həşimovun anası Səmayə Həşimova təqdim etdi. Bu, ali məktəbə qəbul imtahanında ən yüksək bal toplamağımda mənə böyük motivasiya oldu. Səmayə ana mənə Azərbaycanımız, xalqımız, dövlətimiz üçün xeyirli övlad olmağı tövsiyə etdi. Hələ 10-cu sinifdə oxuyanda Bakı Ali Neft Məktəbində təhsil almaq arzusunda idim. Artıq öz arzuma çatmışam. Bakı Ali Neft Məktəbinin geniş beynəlxalq əlaqələrinin olması, BANM-də təhsilin ingilis dilində aparılması mənim bu ali məktəbi seçməyim üçün önəmli amillərdən idi”.

Tehsil-press.az



Oxşar xəbərlər