Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın rəhbərlik etdiyi nümayəndə heyəti ADNSU-da olub

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın rəhbərlik etdiyi nümayəndə heyəti ADNSU-da olub Fevralın 16-da Macarıstan Respublikasının nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. Səfər çərçivəsində iki ölkənin ali təhsil müəssisələri arasında mövcud əməkdaşlıq imkanları, elmi-tədqiqat əlaqələrinin genişləndirilməsi və yeni ortaq təşəbbüslərin reallaşdırılması məsələləri müzakirə edilib.

Nümayəndə heyətinə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma rəhbərlik edib. Heyətin tərkibində Macarıstanın Pannoniya Universitetinin rektoru, professor Yanoş Aboni, Pannoniya Universiteti Fondunun Müşahidə Şurasının sədri Zoltan Birkner, Macarıstan Səfirliyinin Təhsil və Mədəniyyət üzrə diplomatı Monika Felföldi, eləcə də Macarıstanın “MVM Upstream Private Limited Company” şirkətinin Azərbaycan filialının baş icraçı direktoru Yojef Qoldfarb yer alıblar.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla qonaqlar arasında keçirilən görüşdə ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elviz İsmayılov və struktur bölmə rəhbərləri də iştirak ediblər.

Görüş zamanı rektor Rüfət Əzizov qonaqları salamlayaraq universitetin tarixi, tədris imkanları, elmi fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. O, ADNSU ilə Macarıstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni mərhələdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və universitetin birgə layihələrin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Səfir Tamaş Yojef Torma Azərbaycan və Macarıstan arasında mövcud dostluq münasibətlərindən bəhs edib, iqtisadi və diplomatik əlaqələrin inkişafı ilə yanaşı, elm, təhsil və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Pannoniya Universitetinin rektoru, professor Yanoş Aboni isə təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək qarşılıqlı əməkdaşlıq üçün perspektivli istiqamətləri diqqətə çatdırıb.

Görüşdə birgə elmi-tədqiqat layihələrinin hazırlanması, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, ortaq elmi rəhbərlik əsasında gənc tədqiqatçıların hazırlanması, innovasiya və texnologiya transferi sahəsində əməkdaşlıq, həmçinin ikili diplom proqramlarının yaradılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, qarşılıqlı akademik əlaqələrin dərinləşdirilməsi və hər iki universitet üçün faydalı olacaq yeni təşəbbüslərin reallaşdırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

Nümayəndə heyəti səfər çərçivəsində ADNSU-da Tarix Muzeyi, Kibertəhlükəsizlik laboratoriyası, kompüter otaqları və UFAZ laboratoriyaları ilə tanış olublar, universitetin tədqiqat infrastrukturu və innovasiya imkanlarını yüksək qiymətləndiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər