Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma və Pannoniya Universitetinin rektoru Yanoş Abonyinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.Qonaqları salamlayan rektor Elçin Babayev BDU-nun tarixi, elmi və tədris mühiti, beynəlxalq əlaqələri barədə məlumat verib. BDU-nun Macarıstanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda, memorandumların imzalanması, ikili diplom proqramlarının hazırlanmasınında maraqlı olduğunu qeyd edib. Rektor Pannoniya Universiteti ilə kimya, fizika, biologiya, riyaziyyat, psixologiya, iqtisadiyyat sahələri üzrə geniş əməkdaşlıq və birgə tədqiqat aparmaq imkanlarının olduğunu diqqətə çatdırıb.
Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma Azərbaycanla Macarıstan arasında elm, təhsil sahəsindəki əməkdaşlığın ikitərəfli əlaqələrə böyük töhfə verdiyini vurğulayıb. Macarıstanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə BDU arasında əlaqələrin yaradılmasının hər iki universitet üçün geniş perspektivlər aça biləcəyini qeyd edib.
Pannoniya Universitetinin rektoru Yanoş Abonyi də BDU ilə akademik əməkdaşlığın qurulmasının önəmini vurğulayıb.
Görüşdə BDU ilə Pannoniya Universiteti arasında tələbələrin və akademik heyətin qısamüddətli və uzunmüddətli mübadiləsi, birgə elmi tədqiqatların aparılması və ortaq konfransların keçirilməsi, psixologiya, kimya mühəndisliyi, iqtisadiyyat sahələri üzrə ikili diplom proqramlarının hazırlanmasına dair müzakirələr aparılıb.
Tehsil-press.az






