Pedaqoji Universitetdə birinci tədris ilinin tələbələri qarşılanıb

Pedaqoji Universitetdə birinci tədris ilinin tələbələri qarşılanıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq bütün ali təhsil müəssisələrində olduğu kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də sentyabrın 29-da ilk dərslər keçirilib.
Dünyada hökm sürən qlobal koronavirus pandemiyası səbəbindən ölkəmizdə tətbiq olunan karantin rejiminin tələblərinə əməl olunmaqla bu gün Universitet uzun fasilədən sonra öz tələbələrini qəbul edib. Ali təhsil ocağının bütün tədris binaları və filiallarında sıxlığın azaldılması üçün bir neçə alternativ giriş-yoxlama məntəqələri təşkil olunmuşdur ki, burada tələbələrin hərarəti ölçülür, yaşı 18-dən yuxarı olan bütün şəxslərin vaksin pasportu yoxlanılır, ictimai təşkilatların fəal tələbələrindən ibarət könüllü mobil qruplar tərəfindən birinci kurs tələbələrinə və valideynlərə müvafiq yönləndirmə və məlumat dəstəyi göstərilir.
İlk dərs günündə Universitetin rektoru, professor Cəfər Cəfərov, prorektorlar və müvafiq fakültə dekanları birinci tədris ili tələbələri ilə onların auditoriyalarında görüşərək uğurlar arzulayıb, tədrisin vəziyyəti ilə maraqlanıblar. Həmçinin birinci dərs günündə bütün auditoriyalarda Vətən müharibəsi və şanlı Zəfər tariximizdən söz açılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib.
Xatırladaq ki, mövcud vəziyyətlə bağlı ADPU-da tədris əsasən ənənəvi olmaqla müəyyən ixtisas və fənlər üzrə isə hibrid formada təşkil olunur. Bu gün Universitetin maddi-texniki bazası əyani tədrisi təşkil etməyə və sanitar-gigienik qaydalara əməl etməyə tam cavab verir.

Tehsil-press.az


Oxşar xəbərlər