Təhsil Nazirliyi və “QS Quacquarelli Symonds” reytinq agentliyi əməkdaşlığa başlayıb

Təhsil Nazirliyi və “QS Quacquarelli Symonds” reytinq agentliyi əməkdaşlığa başlayıb Təhsil Nazirliyi və “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
İmzalanma mərasimində iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu müqavilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğundur. Nazir müavininin sözlərinə görə, elmin qabaqcıl nailiyyətlərinə, innovativ təhsil texnologiyalarına əsaslanan proqramın əsas məqsədi ölkənin ali təhsil müəssisələrində yeni nəsil rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Firudin Qurbanov qeyd edib ki, “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıq dövlət başçısının qarşıya qoyduğu tapşırığın həlli yolunda əhəmiyyətli bir addımdır.
“QS Quacquarelli Symonds” agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolubov Azərbaycanda ali təhsil müəssisələrinin qlobal rəqabətədavamlılığının artırılması məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb.
Qeyd edək ki, müqavilə əsasında Azərbaycan universitetlərinin qlobal rəqabətədavamlılığını artırmaq, ölkənin təhsil proqramlarının beynəlxalq sahədə tanınmasını gücləndirmək və milli təhsilin akademik dairələrdə və işəgötürənlər arasında nüfuzunun artırılması məsələləri haqqında razılığa gəlinib. İmzalanan sənədə uyğun olaraq, Azərbaycanın qabaqcıl universitetləri akademik nüfuz, işəgötürənlər arasında reputasiya, nəşr fəallığı, beynəlmiləlləşdirilmə və onlayn mühitdə iştirak strategiyasının formalaşdırılması imkanını verən “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin özəl məlumatlarına və analitik informasiyasına giriş əldə edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər