BDU Azərbaycan universitetlərinin reytində başçılıq edir

BDU Azərbaycan universitetlərinin reytində başçılıq edir Məlumdur ki, son dövrlərdə ali məktəblərin akademik fəaliyyətinin vacib göstəricisi kimi qlobal reytinqlər mühüm əhəmiyyət kəsb etməkdədir. Bütün dünya üzrə işəgötürənlər də məhz reytinqlərə istinad edərək bu və ya digər universitetin məzunları haqqında daha çox məlumat əldə etməyə çalışır. Hazırda ali təhsil bazarının iqtisadiyyatın əhəmiyyətli sektorlarından biri hesab edildiyini nəzərə alsaq, qətiyyətlə demək olar ki, universitetlərimizin regional reytinqlərdə təmsil olunması həm ali məktəblərimizin nüfuz göstəricisidir, həm də məzunlarımızın əmək bazarında keyfiyyətli işlə təmin olunmasının təminatıdır.
Bu günlərdə Böyük Britaniyanın “Quacquarelli Symonds” agentliyi tərəfindən “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinqinin açıqlanması diqqəti yenidən bu mövzuya yönəltdi. Sevindirici haldır ki, dünyanın 24 ölkəsindən 300 ali məktəbin yer aldığı regional reytinq cədvəlinə Azərbaycanın 6 universiteti daxil olub. Reytinqdə təmsil olunan ali məktəblərimizin sayının artması diqqətəlayiqdir.
Azərbaycanın ali məktəblərinə sıralamada Bakı Dövlət Universiteti başçılıq edir.
Ən yaxşı 100 universitet sırasında BDU (95-ci) və Xəzər Universiteti (100-cü) yer ala biliblər. Digər ali məktəblərimiz reytinqə aşağıdakı ardıcıllıqla daxil olublar: Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250).
Ali məktəblərimizin reytinq fəallığına baxdıqda görürük ki, universitetlərimizin əsasən akademik və işəgötürənlər arasında nüfuzu artıb. Reytinqin təhlili göstərir ki, BDU “akademik nüfuz” kateqoriyası üzrə 58.7, “işəgötürənlər arasında nüfuz” kateqoriyası üzrə 37.5, müəllim-tələbə nisbəti kateqoriyası üzrə 32.1, əcnəbi müəllimlərin sayı kateqoriyası üzrə 20, əcnəbi tələbələrin sayı kateqoriyası üzrə 11.8, professor-müəllim heyətinin nəşri aktivlik dərəcəsi üzrə 12.4, elmi dərəcəli əməkdaşların sayı üzrə 69.1, elmi məqalələrinə olan istinadların sayına görə 17.2 balla qiymətləndirilib.
Xəzər Universiteti “akademik nüfuz” kateqoriyası üzrə 43.5, “işəgötürənlər arasında nüfuz” kateqoriyası üzrə 41.4, müəllim-tələbə nisbəti kateqoriyası üzrə 35.4, əcnəbi müəllimlərin sayı üzrə 100, əcnəbi tələbələrin sayı üzrə 74, professor-müəllim heyətinin nəşri aktivlik dərəcəsi üzrə 1.7, elmi dərəcəli əməkdaşlarının sayı üzrə 75.8 balla qiymətləndirilib.
Ötən il Azərbaycan universitetləri arasında adıçəkilən reytinqdə 5-ci yerdə qərarlaşan UNEC builki nəticələrə görə iki pillə yüksələrək ən reytinqli 3-cü Azərbaycan universiteti olub. UNEC “akademik nüfuz” kriteriyası üzrə 34.1 bal toplayıb. Ali məktəbin “işəgötürənlər arasında nüfuz” göstəricisi isə bu il təxminən iki dəfə yüksələrək 39.9 balla qiymətləndirilib. Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti üzrə 13.3, elmi dərəcəli əməkdaşlarının sayı üzrə isə 18.9 bal toplayıb.
Müşahidələr göstərir ki, ali məktəblərimiz reytinqdə yüksək yerlər qazanmaq üçün milli və beynəlxalq işəgötürənlərlə əməkdaşlığı daha da gücləndirməli, ingilisdilli elmi nəşrlərdə dərc olunan məqalələrin keyfiyyətinə və sayına nail olmalı, tələbə mobilliyinə yüksək diqqət göstərməli, reytinqli universitetlərlə təcrübə mübadiləsini genişləndirməlidir.

“Azərbaycan müəllimi” qəzeti

Oxşar xəbərlər