“Ailəm sənədlərimi alıb məni başqasına ərə verdi” - Qətlin təfərrüatı

“Ailəm sənədlərimi alıb məni başqasına ərə verdi” - Qətlin təfərrüatı Ağstafa rayonunda 30 yaşlı kişi bacısının sevgilisini güllələyərək öldürməsinin təfərrüatını məhkəmədə danışıb.
Hadisə bu ilin yanvarında rayonun Sadıqlı kəndində baş verib. Belə ki, Ramil Qurbanov bacısı Gülarə Əzimovanın (şərti ad) sevgilisi Taleh Süleymanovu yaşadığı evin həyətində ov tüfəngi ilə öldürüb.
Məhkəmədə dindirilən R.Qurbanov Talehlə bərabər bacısını da öldürmək istədiyini deyib: “2013-cü ildə bacım Gülarəni Bakıda Anar (şərti ad) adlı oğlanla nişanladıq. Həmin vaxtlar böyüklər razılaşsa da, mən Gülarənin Anarla ailə qurmağını istəmirdim, çünki ona inanmırdım. Həmin il Anar əsgərlikdə olduğu vaxt Gülarə sonradan Ağstafada tanış olduğu Taleh adlı şəxsə qoşulub qaçdı, hətta toy da etdilər. Gülarə dəfələrlə Talehlə qaçsa da, atam bibimlə gedib bacımı geri gətirirdi. Bacım təzədən Talehə qoşulub qaçırdı. Sonra onu Anarla evləndirdik, həmin nikahdan 2 övladı oldu. Amma Talehlə əlaqəni kəsmirdi. Əri Anardan ayrılıb Talehin yanına qaçmışdı. Mən Talehlə dəfələrlə əlbəyaxa dalaşmışdım. Talehlə dalaşanda hər dəfə mənə Gülarəni sevdiyini deyirdi. Mən də ona Gülarənin ona uyğun olmadığını, ərinin, uşaqlarının olduğunu deyirdim. O da Gülarəni sevdiyi üçün qəbul etdiyini, birinci dəfə bacımın onunla evləndiyini deyirdi”.
Bu söz-söhbətlərdən yorulduğunu deyən Ramil Qurbanov yanvarın 9-da özünə məxsus ov tüfəngini götürərək Sadıqlı kəndinə gedib. O, həyətə çatanda atasının Talehlə yüksək səslə danışdığını görüb: “Atam Gülarəyə “əynini geyin, gedirik buradan” deyəndə, Taleh “hara aparırsınız, icazə vermərəm Gülarəni aparasınız” deyirdi. Əsəbiləşdim və avtomobilin baqajındakı, özümlə Bakıdan Ağstafaya gətirdiyim ov tüfəngini götürüb həyətə girdim. Talehə atəş açmaq istəyəndə atam qarşısına keçdi, amma məhəl qoymadım, 3 dəfə atəş açdım, iki güllə Talehə dəydi. Gülarəni də vurmaq istəyirdim ki, bir də gördüm evə qaçıb. Evin içinə keçmək istəyəndə atam qapını tutdu “əgər bacını öldürəcəksənsə, məni də öldür”, - dedi. Sonra maşına mindim, atam da bacımı gətirib maşına mindirdi. Bakıya doğru gedəndə yolda polislər məni saxladı”.
Məhkəmədə dindirilən Gülarə Əzimova ifadəsində anasına mesaj yazaraq atasını Sadıqlı kəndinə özü çağırdığını deyib: “2013-cü ilin mayında Bakıda Dənizkənarı bulvarda qrup yoldaşlarımla gəzəndə təsadüfən Talehi gördüm. Taleh məndən əl çəkməyib evə gələnə qədər arxamca düşdü. Mən də əlaqə nömrəsi verdim, zəng edirdi, danışırdıq. Lakin məni ailəm Anar adlı oğlanla sözləmişdi. Mən Talehə bu haqda deyəndə o, mənə qaçmağı təklif etdi. 2013-cü ilin oktyabrında Talehlə onların kəndinə qaçdıq. Ailəsi məni normal qarşıladı. Qaçdığım gün Talehlə mənim də razılığım əsasında cinsi münasibətdə olduq. Bir neçə gün sonra atamla xalam məni aparmağa gəldilər. Onlara daha Anarla məndə alınmayacağını dedim. Atam hirsləndi və bibimi də götürüb getdi. Talehlə kənddə toyumuz oldu. Ancaq onunla rəsmi nikaha daxil ola bilmədik, çünki ailəm sənədlərimi mənə vermirdi. Sonra Talehlə ayrıldıq, atam məni Xırdalana gətirdi, Anarla evləndirdilər. Həmin evlilikdən iki övladım oldu. Lakin Talehi sevirdim, onun da məni sevdiyini bilirdim. Anarla yola getmədiyim üçün ondan ayrıldım, təzədən Talehlə qaçdım. Həmin ərəfələrdə qardaşım Ramil mənlə danışmırdı. Bir dəfə Talehlə dalaşdıq, məni çubuqla döydü. Mən də anama mesaj yazdım ki, atama de gəlib məni aparsın. Atam gələndə Taleh mənə mane oldu. Dedi ki, getməyinə icazə verməyəcəyəm. Bu vaxt Ramil əlində tüfənglə həyətə girdi. Mən qorxub evə qaçdım. Atam bir az sonra “gəl, qızım, qorxma”,-deyib məni qardaşımın maşınına özü ilə mindirdi”.
Məhkəmədə dindirilən Gülarənin atası Məmmədrahim Qurbanov ifadəsində qızının Talehlə münasibətinə qətiyyən razı olmadıqlarını bildirib: “2013-cü ildə Gülarə Talehlə qaçanda gedib evlərinə baxdım, şəraətsiz idi. 2014-cü ildə qızımı öz evimə gətirdim. Həmin il Anarla evləndi. Təzəlikcə Anardan ayrılıb Talehlə barışdı. Bildiyim qədərilə qızım Talehlə ayrılsa da, Talehin bacısı və qardaşı ilə instaqramda əlaqəsi var idi. Hətta onları sonradan onun bacısı barışdırmışdı. Taleh qızımla evli olsa da, rəsmi nikahları yox idi. Həmişə deyirdi ki, Gülarəni qəbul edirəm, çünki birinci mənim arvadım olub. 2020-ci ilin martında qoşulub Talehlə qaçdı. Yoldaşım hadisə olmamışdan 1 gün əvvəl Talehin Gülarəni döydüyünü dedi. Yanvarın 9-da Talehgilə gedəndə məni yaxşı qarşıladı. Bir az həyətdə söhbət etdik. Qızımı niyə döydüyünü soruşdum. Dedi ki, barışıblar, bir də belə etməyəcək. Mən Gülarəni aparmaq istəyəndə Taleh qoymadı. Dedi ki, bir də Gülarəni döyməyəcək, ondan qətiyyən ayrılmayacağını deyirdi. Oğlum həyətə girəndə Taleh donub qalmışdı. Ramil 3 dəfə atəş açdı. Taleh aldığı güllə yarasından yerə yıxıldı”.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Ramil Qurbanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Tehsil-press.az


Oxşar xəbərlər