Bakı rus-müsəlman qız məktəbinin yaradılmasından 120 il ötür

Bakı rus-müsəlman qız məktəbinin yaradılmasından 120 il ötür Bu gün neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına təsis edilmiş Bakı rus-müsəlman qız məktəbinin yaradılmasından 120 il ötür.
Bu müəssisənin Sənədli mənbələr, Fotoneqativ materiallar fondlarında qız məktəbinin tədris prosesinin təşkilinə dair əhəmiyyətli materiallar qorunur.
XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış H.Z.Tağıyev təkcə xeyriyyəçi sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. O, həmişə öz xalqının maariflənməsinə xüsusi diqqət verib. H.Z.Tağıyev dəfələrlə Bakı Dumasının üzvü seçilərək, şəhər infrastrukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edib. Həmin layihələrdən biri azərbaycanlı qızlar üçün dünyəvi məktəbin yaradılması idi. 1896-cı ildə bu ideyanı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev gerçəkləşdirdi. Onun təşəbbüsü, maliyyə dəstəyi ilə 1898-ci ilin iyununda qız məktəbinin binasının inşasına başlanıldı. Bakıda tikilən binanın baş memarı polyak əsilli görkəmli memar İosif Qoslavski olub.
Əsasən məktəbə 7 yaşından yuxarı (sonralar yaş həddi 8-ə artırıldı) müsəlman qızlar qəbul olunurdu. İlk vaxtlar 50 şagirdin qəbulu nəzərdə tutulurdu ki, onlardan 20 kasıb qız H.Z.Tağıyevin ianələri hesabına, 30 qız isə öz hesabına oxuyur və məktəbin pansionunda qalırdılar. Lakin ödənişsiz təhsil almaq istəyənlərin sayı daha çox oldu. Himayəçilər Şurası H.Z.Tağıyevin təklifi ilə əlavə 13 kasıb qızın qəbul olunmasına qərar verdi. Qız məktəbində pulsuz oxuyan şagirdlərin sayı 35-ə, cəmi qəbul olunanların sayı isə 58-ə çatdı. Beləliklə, əvvəlcədən nəzərdə tutulan plana rəğmən pulsuz oxuyan şagirdlərin sayı öz hesabına təhsil alanları üstələdi. Şagirdlər Şuşadan, Tiflisdən, Şimali Qafqazdan gəlmişdilər, Bakı sakinlərinin sayı isə az idi.
Bakıda Nikolayevski küçəsindəki binada İmperatriçə Aleksandra Fyodorovna adına Bakı rus-müsəlman qız məktəbinin təntənəli açılışı 1901-ci il oktyabrın 7-də olub. Məktəb qapalı pansion idi, kişilərin oraya daxil olması qadağan edilmişdi. Şagirdlər forma, yemək, tədris vəsaitləri ilə bütövlüklə H.Z.Tağıyevin hesabına təmin edilirdilər. Ümumi fənlərlə yanaşı, məktəbdə əl işi və evdarlıq üzrə təcrübi məşğələlər keçirilirdi. Bu məktəb müsəlman qızlar arasında ilk dünyəvi təhsilin, Azərbaycan xalqına savadlı ana bəxş etməsinin, ilk ziyalı qadın kadrların formalaşdırmasının, habelə Azərbaycanın müsəlman qadın təhsilinin təməlini qoydu.
Ətraflı məlumatı muzeyin saytının nəşrlər bölməsindən əldə etmək olar.

Tehsil-press.az


Oxşar xəbərlər