“Bentham Science Publishers” şirkətinin meneceri Bakı Dövlət Universitetində

“Bentham Science Publishers” şirkətinin meneceri Bakı Dövlət Universitetində “Bentham Science Publishers” şirkətinin qlobal lisenziyalaşdırma üzrə meneceri Frans Lettenström Bakı Dövlət Universitetində (BDU) olub.
Görüşdə iki təşkilat arasında elmi jurnalların nəşri, jurnal redaktorları və alimlər üçün xüsusi treninqlərin keçirilməsi istiqamətində əlaqələrin qurulması və inkişaf perspektivləri müzakirə edilib.
BDU-nun rektoru Elçin Babayev qonağı Azərbaycanda və BDU-da görməkdən məmnun olduğunu qeyd edərək, belə müzakirələrin təşkilatlar arasında əməkdaşlığın səmərəli şəkildə qurulmasına xidmət etdiyini vurğulayıb. Bildirib ki, hər bir tədqiqatçının elmin son nailiyyətləri ilə vaxtında tanış olması, eyni zamanda, innovativ yeniliklərin sənayedə və istehsalatda operativ və səmərəli tətbiqi üçün elmi informasiya məkanının mühüm tərkib hissəsi olan elmi jurnalların nəşri işi düzgün təşkil edilməlidir. Elmi yeniliklərin operativ şəkildə beynəlxalq elmi ictimaiyyətə çatdırılması üçün də bu, vacib məsələdir. Bu baxımdan son illər BDU-da nəşr olunan jurnalların əsas məqsədi qabaqcıl dünya elminə, informasiya məkanına inteqrasiya olunmaqdır. Elmi jurnalların nəşrinə qoyulan beynəlxalq tələb və meyarlar bu istiqamətdə BDU üçün stimullaşdırıcı xarakter daşıyır. Elmi nəşr fəaliyyətində rəyçilərin üzərinə də xüsusi məsuliyyət düşür. Hazırda BDU jurnallarının beynəlxalq səviyyəli və nüfuzlu nəşrlərin siyahısına daxil edilməsi istiqamətində müvafiq addımlar atılır. Jurnalların redaksiya heyətləri məqalələrin keyfiyyətinə və tərtibinə nəzarəti gücləndirir. Məqalələrin nüfuzlu, müstəqil, həmçinin beynəlxalq ekspertlər tərəfindən rəydən keçirilməsinə başlanılır. Məqalələrin yığılmasında müasir redaktor proqramlarından (Latex) istifadəyə üstünlük verilir.
Frans Lettenström BDU ilə “Bentham Science Publishers” şirkəti arasında gələcək əlaqələrin elmi jurnalların nəşri sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar açacağını qeyd edib. Bildirilib ki, Azərbaycanda ali təhsil müəssisələrinin, o cümlədən BDU-nun elm və texnologiya, eləcə də humanitar elmlər sahəsində elmi nəşrlərin inkişafına böyük önəm verdiyinin şahidi olub. Bu mənada belə səfərlər zamanı müzakirə olunan məsələlərin müvafiq sahədə mövcud problemlərin aradan qaldırılmasına xidmət edəcəyinə əminliyini vurğulayıb.
Sonra elmi jurnalların əcnəbi oxuculara çatdırılması, ingilis dilində nəşr imkanları, redaktə və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Bentham Science Publishers” (https://benthamscience.com/) elm və texnologiyanın müxtəlif sahələrindən olan tədqiqatçılar və mütəxəssislər üçün mühüm beynəlxalq platformadır. Elmi, texniki və tibbi jurnallar və elektron kitablar nəşr edir. Nəşriyyatın portfelinə həm elektron, həm də çap şəklində 130-dan artıq aktiv jurnal və 800-dən çox kitab daxildir. Jurnalların mövzusu, əsasən, əczaçılıq tədqiqatlarını, tibbin alt ixtisaslarını, mühəndislik, texnologiya və sosial elmlər üzrə müxtəlif fənləri əhatə edir. Jurnallar nüfuzlu indeksləşdirmə agentliklərində indekslənir (https://benthamscience.com/indexing-agencies.php). Onlardan 62 jurnal “Scopus” və “Web of Science Core Collection”da indekslənir, Q1 və ya Q2 Scopus kvartilinə 31 jurnal daxil edilib (CiteScore). Digər tərəfdən, “Bentham Science” nəşrlərin bütövlüyünü və düzgünlüyünü qorumaq üçün bütün məlumatları “Publons”da təqdim edir.
“Bentham Science” jurnallarının redaksiya heyətlərində çalışan 10 mindən çox görkəmli elm xadiminin (onların arasında fəxri məsləhətçi kimi Nobel mükafatçıları da yer alır) birgə səyi ilə öz nəşrlərində yüksək standartların tətbiqinə çalışır. Nəşriyyat tədqiqatçılar üçün geniş nəşr imkanları ilə yanaşı, akademik və korporativ kitabxana sayılan, “Eureka Select” onlayn mağazası vasitəsilə lisenziyalaşdırmış məzmuna malik elmi həllər də təklif edilir.

Tehsil-press.az


Oxşar xəbərlər