BDU-da seminar: Jurnalların idarə olunması və əsas redaktor bacarıqları

BDU-da seminar: Jurnalların idarə olunması və əsas redaktor bacarıqları Bakı Dövlət Universitetində (BDU) “Jurnalların idarə olunması və əsas redaktor bacarıqları” mövzusunda seminar keçirilib.
Seminarda Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin rəhbəri Mais Süleymanov mövzu ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini vurğulayıb.
Tədbirdə Q1 kateqoriyalı 2.259 impakt faktorlu “Historical Biology (An International Journal of Paleobiology)” jurnalının baş redaktoru Qarez Dayk “Jurnalların idarə olunması və əsas redaktor bacarıqları” mövzusunda təqdimatla çıxış edib. O, elmi jurnalların işinin təşkili məsələlərinə toxunub, beynəlxalq elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması kimi məsələlərlə bağlı məlumat verib. Elmi biliklərin analizində bibliometrik göstəricilər və istinadlardan geniş istifadə olunduğunu deyən Q.Dayk bu məlumatların xüsusi istinad verilənləri bazasında toplanılaraq təyinatına görə emal olunduğunu qeyd edib. İstinad indeksi adlandırılan həmin analitik-informasiya sistemlərinin təyinatı, bibliometrik və elmmetrik tədqiqatlarda bu sahədə tanınmış mövcud sistemlərdən “Web of Science” və “Elsevier”in Scopus bazalarını nümunə göstərib. O, jurnalların impakt faktorlarının akademik və iqtisadi-sosial formalarının əhəmiyyətindən danışıb, veb-səhifələrinin əlçatanlığının vacibliyini qeyd edib.
Q.Dayk elmi məqalələrin yazılmasına, onların düzgün strukturunun qurulmasına və nüfuzlu elmi jurnallarda çapa hazırlanmasına dair məsələlərdən bəhs edib.
Seminarda materialların nəşrə hazırlanması prosesində nəşr etikasının gözlənilməsinin əhəmiyyəti qeyd edilib, redaksiya heyəti ilə yazışmalarda gözlənilən üslub qaydalarına toxunulub, müəlliflərin qarşısına çıxan suallara aydınlıq gətirilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev universitetin elmi nəşrlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bu baxımdan jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması və beynəlxalq nüfuzlu bazalarda təmsilçiliyinin təmin edilməsinin həlli zəruri olan məsələlərdən olduğunu vurğulayıb. Milli elmi jurnalların, tədqiqatçıların və qurumların elmi fəaliyyətinin obyektiv qiymətləndirilməsi, onların elmi məhsuldarlığının müqayisəli təhlili üçün jurnalların beynəlxalq elmi bazalarda təmsil olunmasının vacibliyini vurğulayan rektor məqalələrin keyfiyyətinin artırılması istiqamətində tövsiyələrini verib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, məruzəçi tərəfindən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər