ABŞ-ın “Clarivate Analytics” təşkilatı AMEA ilə əməkdaşlığa böyük önəm verir

ABŞ-ın “Clarivate Analytics” təşkilatı AMEA ilə əməkdaşlığa böyük önəm verir Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev ABŞ-ın “Clarivate Analytics (Thomson Reuters)” təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin inkişaf etməkdə olan ölkələr üzrə baş direktoru Viji Krişnanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə akademiya ilə “Clarivate Analytics” arasındakı əməkdaşlığı yüksək dəyərləndirən İ.Quliyev yaradılan imkanlara görə təşkilatın rəhbərliyinə minnətdarlıq edib. İki qurum arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladan akademik “Web of Science” məlumat bazasının istifadəçilərinin sayının tədricən artdığını vurğulayıb. Əlaqələrin ildən-ilə genişləndiyini bildirən İ.Quliyev respublikamızda çapdan çıxan bir sıra monoqrafiyaları da “Web of Science” elmmetrik məlumat bazasına daxil etmək təklifini irəli sürüb.
AMEA-nın respublikada elmi nəşrlər üzrə lider təşkilat olduğunu vurğulayan V.Krişnan deyib: “Azərbaycanda nəşr olunan elmi məqalələrin 60 faizi AMEA alimlərinə məxsusdur. Bu isə ildə 700-dək indeksləşmiş məqalənin dərc olunması deməkdir”.
“Clarivate Analytics”in AMEA ilə əməkdaşlığa böyük önəm verdiyini deyən V.Krişnan akademiya üçün xüsusi təlimlər proqramının hazırlandığını diqqətə çatdırıb. Bildirilib ki, indiyədək keçirilmiş 30-dan çox təlimdə 700-dən artıq alim iştirak edib.
Təşkilatın təhsil proqramları üzrə direktoru Valentin Boqorov təmsil etdiyi qurumda elmi jurnalların təkmilləşdirilməsinə dair görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, 50-dək elmi jurnalın redaktorları üçün seminar keçirilib və gələcəkdə elmi məqalələrin yazılması üzrə xüsusi təlimlərin təşkili də planlaşdırılır. Rus dilində olan elmi jurnalların regional məlumat bazasından danışan qonaq burada texniki və təbiət elmləri ilə yanaşı, humanitar elmlərin də əks olunduğunu, Azərbaycan alimlərinin bu dərgilərə öz məqalələrini təqdim edə biləcəklərini bildirib. Diqqətə çatdırılıb ki, hazırda ərəb ölkələrində çapdan çıxan elmi nəşrlərin indeksi hazırlanır və bu məlumat bazasına 1000-ə yaxın elmi jurnalın daxil ediləcəyi gözlənilir. “Digər ölkələrlə yanaşı, Azərbaycanda da nəşr olunan elmi jurnallar bu bazada yerləşdirilə bilər”, - deyə V.Boqorov vurğulayıb.
Görüşdə “Clarivate Analytics”in Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları eksperti Aygün Babazadə AMEA-nın ayrı-ayrı elmi müəssisələrinin bu sahədəki fəallığını müəyyənləşdirmək məqsədilə statistik göstəricilər əsasında təhlillərin aparıldığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər