Tarix - olduğu kimi

Tarix - olduğu kimi 28 mayın Müstəqillik Günü, 18 oktyabrın Müstəqilliyin Bərpası Günü olaraq rəsmiləşdirilməsinə dair sənəd millətimizin həyatında əhəmiyyətli rol oynamış tarixi hadisələrin olduğu kimi, dəqiq, dürüst ifadə edilməsi və təqdim olunmasıdır.
Bunu Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.
O bildirib ki, bu günlərin mahiyyətini bilmək üçün ilk növbədə,1918-ci il mayın 28-dən əvvəlki tarixi şəraitə və qəbul edilmiş sənədin adına diqqət yetirmək lazımdır. Birinci Dünya müharibəsinin son mərhələsində çar Rusiyasının dağılması, monarxiyanın süqutundan sonra baş verən daxili və beynəlxalq amillərin təsiri ilə qədim və zəngin dövlətçilik ənənələrinə malik olan xalqımız XX əsrdə ilk dəfə istiqlaliyyətini qazanaraq müsəlman Şərqində demokratik cümhuriyyət formasında ilk dövlətini qurub. Mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən sənədin adı “İstiqlal bəyannaməsi”, yəni müstəqillik bəyannaməsidir. İstiqlal bəyannaməsində dövlətin idarə üsulu respublika olaraq təyin edilib. Xalq ilk növbədə müstəqil olmalıdır ki, ondan sonra idarə üsulunu müəyyən edə bilsin. Müstəqilliyin elan edilməsi idarə üsulundan əvvəl gəlir. Cümhuriyyət idarə üsulunu müsəlman Şərqi xalqları arasına millətimiz gətirib, onlara müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib. Bu tarix müstəqillik, istiqlal günüdür. O zaman geniş xalq kütlələrinin daha yaxşı qavraya bilməsi üçün dövlətin adında “respublika” deyil, “cümhuriyyət” məfhumundan istifadə ediblər. Nəzərdən qaçırmayaq ki, “respublika” ifadəsinin olması müstəqillik anlamına gəlməyə də bilər. Məsələn, sovet dövründə “respublika” adlansa da, Azərbaycan Sovet Sosialist Respublikası müstəqil deyildi. Eyni zamanda elə dövlətlər var ki, respublika idarə üsullu deyillər, amma müstəqildirlər. Məsələn, Böyük Britaniya və Şimali İrlandiya Krallığı. Ona görə də 28 may tarixinin Müstəqillik Günü adlandırılması daha düzgündür, tarixi gerçəkliyin olduğu kimi əks etdirilməsidir.
İkincisi, yaxın tarixi sənədlər təsdiq edir ki, 1991-ci il 18 oktyabr tarixində qəbul edilən, 6 bölmə, 32 maddədən ibarət olan sənədin adı “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” adlansa da, əslində dövlət müstəqilliyinin bərpasına dair sənəddir. Həmin sənəddə yazılır ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsini qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi. Aktda Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edilirdi. Deməli, 18 oktyabrın Müstəqilliyin Bərpası Günü olaraq qəbul edilməsi daha düzgündür və tarixi gerçəkliyin olduğu kimi əks etdirilməsidir.
Professor Musa Qasımlı qeyd edib ki, 1920-ci ilin aprelində bolşevik Rusiyasının işğalı nəticəsində dövlət müstəqilliyinə son qoyulub, Azərbaycan SSR yaradılıb. Sovet tarixi minilliklər tariximizin bir parçası olsa da, müstəqillik tariximiz deyildir. Buna baxmayaraq, dövlətçiliyin bəzi atributları (hökumət, qanunverici orqan və b.) mövcud idi. Dövlət müstəqilliyimiz 1991-ci il oktyabrın 18-də Azərbaycan SSR-in inzibati-siyasi sərhədləri daxilində bərpa edilib. Dövlət müstəqilliyinin bərpasına gətirən yol ağır, mürəkkəb və ziddiyyətli olub. Bununla əlaqədar olaraq, bəzi tarixi hadisələr barədə gerçəklikləri söyləmək vacibdir. Parlamentin 1989-cu il sentyabrın 23-də qəbul etdiyi və 23 maddədən ibarət olan “Azərbaycan SSR-in suverenliyi haqqında Konstitusiya qanunu”nda yazılırdı ki, Azərbaycan SSR SSRİ tərkibində suveren respublikadır. Bu sənəd mahiyyətinə görə, qüsurlu idi. Çünki bir suveren respublika digər dövlətin tərkibində suveren ola bilməz. Ulu öndər Heydər Əliyevin təklifi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR-in adından “Sovet Sosialist” ifadələri çıxarıldı, Ali Sovet Ali Məclis adlandırıldı, Cümhuriyyətin üçrəngli bayrağı dövlət bayrağı olaraq qəbul edildi və Cümhuriyyət atributlarını qəbul etməkdən ötrü Azərbaycan parlamentinə müraciət edildi. İndiki müstəqil dövlətin rəsmi şəkildə təməli Heydər Əliyevin Naxçıvanda liderliyində qoyuldu. Qanunverici orqanın 1991-ci il martın 7-də keçirilən iclasında Heydər Əliyev və bəzi deputatlar SSRİ-nin saxlanılmasının əleyhinə çıxaraq Azərbaycanın dövlət müstəqilliyini bərpa etməyi təklif etdilər. Sovet İttifaqının saxlanılmasına dair referendum Naxçıvanda keçirilmədi. Parlamentin 1991-ci il avqustun 30-da keçirilən iclasında qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan Respublikası Ali Sovetinin bəyannaməsi”ndə yazılırdı ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir. İclasda dövlət müstəqilliyinin bərpa edilməsi haqqında konstitusiya aktının layihəsini iki həftə müddətinə hazırlamaq barədə qərar verildi və bu qərar 18 oktyabrda qəbul edildi. Deməli, 18 oktyabrın Dövlət Müstəqilliyinin Bərpası Günü kimi təsbit edilməsi daha doğrudur.
“Bu günlərin böyük tarixi əhəmiyyəti var. Hər şeydən əvvəl, zamanında hərbi, diplomatiya, siyasət və informasiya sahələrində buraxılmış səhvlər Prezident İlham Əliyev tərəfindən düzəldilir və dürüstləşdirilir. Bu mənada deyə bilərik ki, “Respublika” məfhumu heç də bütün hallarda müstəqillik mənasını vermədiyindən Müstəqillik Günü haqqında qanun qəbul edilməsi uşaqdan böyüyə bütün millətdə müstəqillik düşüncəsini, dövlət milliyyətçiliyini, vətənsevərliyi, güclü dövlət, qüdrətli millət duyğularını hakim edəcəkdir. Bu sənəd daha geniş düşünmək, səhv buraxmamaq, buraxılmış səhvləri zamanında düzəltmək üçün dərs verir, eyni zamanda, bir daha təsdiq edir ki, millətimizin tərəqqisinin və qarşıya qoyduğu məqsədlərə nail olmasının təməlində güclü dövlət və qüdrətli dövlət xadimi amilləri dayanır. Dövlətimiz güclü, dövlət rəhbərimiz qüdrətli olanda millətimiz daim qarşıya qoyduğu hədəflərə çatıb. 44 günlük Vətən müharibəsinin nəticələri bunu bir daha təsdiq etdi”, - deyə professor Musa Qasımlı vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər