ADPU-da 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib

ADPU-da 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 28 May- Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət yaşamasına baxmayaraq, xalqımızın, millətimizin tarixində önəmli rol oynayıb. Qeyd edib ki, bu tədbirimizdə xalqımızın vətənpərvər və millətsevər oğlu, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə iştirak edir. Azərbaycan Xalq Cümhuriyyəti ictimai-siyasi fikir tariximizdə, dövlətçilik tariximizdə böyük rol oynayıb. Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində SSRİ-nin zəifləməsi müttəfiq respublikalarda milli-azadlıq mübarizəsinin güclənməsinə təkan verdi. Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Bayrağımız, himnimiz, gerbimiz yenidən bərpa edildi. Lakin müstəqilliyimizin ilk illəri çox çətin və mürəkkəb şəraitdə keçdi. Yalnız ulu öndər Heydər Əliyevin zəngin idarəçilik və dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, iradə və qətiyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya bildi. Məhz ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu, gücləndirdi, dünya miqyasında tanıtdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqil dövlətimizin daha da gücləndirilməsi, davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi və beynəlxalq siyasi nüfuzunun yüksəldilməsi üçün çoxşaxəli səmərəli fəaliyyət həyata keçirir. Azərbaycan öz müstəqilliyinin 26-cı ilini yaşayır. Biz müstəqil dövlətin vətəndaşı olmaqdan qürur duyuruq. Müstəqil dövlətimizi göz-bəbəyimiz kimi qorumaq bizim hər birimizin, xüsusilə də, gənclərin müqəddəs borcudur.
Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova 28 May- Respublika Günü haqqında məruzə ilə çıxış edib. Dosent N.Əhmədova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyət göstərdiyi tarixi-siyasi şərait barədə ətraflı məlumat verib. Bildirib ki, XIX əsrin sonları – XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni inkişafı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxardı. 1918-ci il mayın 28-də Tbilisidə Azərbaycan Milli Şurası «İstiqlal Bəyannaməsi»ni qəbul etdi. 24 səslə qəbul edilən və 6 bənddən ibarət olan Bəyannamə Azərbaycan xalqının varlığını bütün dünyaya yaydı. Hüquqi və siyasi sənəd olan Bəyannamədə müstəqil Azərbaycan dövlətinin yarandığı göstərilmiş, onun hakimiyyətinin əhatə etdiyi ərazinin hüdudları müəyyənləşdirilmiş və dövlətin əsas prinsipləri öz əksini tapmışdır. «İstiqlal Bəyannaməsi»ndə demokratik dövlətin əsas atributları sayılan hakimiyyətin xalqa məxsus olması, vətəndaşların mülki və siyasi hüquqlarının təminatı, bütün xalqların və hər bir kəsin milli və dini mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şəraitin yaradılması, həmçinin hakimiyyət bölgüsü prinsipləri hüquqi cəhətdən təsbit edilmişdi.
23 aylıq hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti çox ağır və mürəkkəb bir tarixi-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Lakin buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti öz dövlətçilik atributlarını qəbul etmiş, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində mühüm əhəmiyyət kəsb edən ciddi addımlar atmışdır. Bugünkü müstəqil və güclü, hərtərəfli inkişaf etmiş Azərbaycan Respublikası məhz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Qədirbilən xalqımız Cümhuriyyət liderlərinin xatirəsini əziz tutur. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, ən əziz, ən qiymətli sərvətidir.
Fizika və texnologiya fakültəsinin Ümumi fizika kafedrasının professoru Vaqif Nəsirov, Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizin xüsusi şərəfli bir səhifəsi olduğunu, dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul etdiyini, parlamentarizm ənənələrini formalaşdırdığını, idarəetmənin hüquqi əsaslarını yaratdığını, müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji mədəni və tarixi əsaslarının müəyyənləşdirilməsində böyük rol oynadığını qeyd ediblər.
Tədbir çıxışlarla başa çatıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi


ADPU-da 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib

ADPU-da 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib

ADPU-da 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib

ADPU-da 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib

Oxşar xəbərlər