BDU-nun Filologiya fakültəsində məzun şəhid Kənan Məmmədovun xatirəsi anılıb

BDU-nun Filologiya fakültəsində məzun şəhid Kənan Məmmədovun xatirəsi anılıb Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin şəhid məzunu Kənan Məmmədovun xatirəsinə həsr olunan tədbir keçirilib. Fakültədə təşkil olunan tədbirdə professor və müəllimlər, tələbələr, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
Tədbirdə Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qüdrətindən danışıb.
Bildirilib ki, fakültənin məzunu, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Kənan Məmmədov müəllimlərinin yaddaşında məsuliyyətli, dərslərinə ciddi yanaşan bir tələbə portreti yaratmağı bacarıb. Onun əziz xatirəsi ürəklərdə daim yaşayacaq.
Filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Cavanşir Muradov Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitlərinin göstərdikləri qəhrəmanlıqlardan bəhs edib, şəhid Kənan Məmmədov haqqında xatirələrini bölüşüb.
BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının əməkdaşları dosentlər Solmaz Əliyeva, Ramiz Bağırov, Rus dilçiliyi kafedrasının professoru Sevinc Məhərrəmova, fakültənin akademik məsləhətçisi Natəvan Əliyeva və digər çıxış edənlər də Kənan Məmmədovun vətənpərvərliyindən, hərb peşəsinə marağından danışıblar.
Tədbirdə Kənan Məmmədova həsr olunan film və videoçarx nümayiş etdirilib.
Şəhidin ailə üzvləri adından çıxış edən Anar Məmmədov qardaşı Kənanın Vətən, torpaq sevgisindən söz açıb, təşkilatçılara təşəkkürünü bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər