ADU-da şəhid Rəşad Mehdiyevin xatirəsi anılıb

ADU-da şəhid Rəşad Mehdiyevin xatirəsi anılıb Azərbaycan Dillər Universitetində (ADU) Vətən müharibəsi şəhidi, “SABAH” qruplarının məzunu Rəşad Mehdiyevin əziz xatirəsinə həsr olunmuş “Oğullar getdi ki, qayıtsın qürur” adlı tədbir keçirilib.
Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə keçirilən tədbir Dövlət Himninin səslənməsi və şəhidlərin əziz xatirəsinə ehtiram olaraq bir dəqiqəlik sükutla başlayıb.
Tədbirdə “Oğullar getdi ki, qayıtsın qürur”, “Vətən kimlərə oğul deyir?” və “Hamı oğul böyütmüşdü” adlı məruzələr dinlənilib, şəhid Rəşad Mehdiyevin bioqrafiyası haqqında videoçarx nümayiş olunub.
Şəhidin atası, Qarabağ müharibəsi iştirakçısı Rəhman Mehdiyev tədbirin keçirilməsinə görə universitetin rəhbərliyinə və tədbir təşkilatçılarına minnatdarlığını bildirib.
“Rəşad çox vətənpərvər övlad idi. Bizə məxsus torpaqların düşmən əsarətində olması onu hər zaman narahat edirdi. Mənfur düşmənə olan sonsuz nifrəti, intiqam hissi bu müharibə zamanı ona qisas almaq fürsəti verdi. Vətənin azadlığı uğrunda könüllü iştirak edən oğlum bu gün öz arzusuna çatdı və şəhidlik zirvəsinə ucaldı. Onunla fəxr edir, qürur duyuram. Vətən sağ olsun!” - deyən şəhidin atası oğlunun ömür yolundan və təhsil sahəsində əldə etdiyi uğurlarından danışıb.
Tədbirdə Beynəlxalq jurnalistika şöbəsini müdiri Nərgiz Qurbanlı Qarabağ müharibəsində şəhid olan qardaşı Elçin Qurbanlı ilə bağlı xatirələrini bölüşüb. Şəhid Elçin Qurbanlının bioqrafiyasını həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə, həmçinin şəhid Rəşad Mehdiyevin tələbə yoldaşları və dostları onun haqqında xatirələrini danışıblar. Sonda tələbələr şəhidlərlə bağlı şeirlər səsləndiriblər.
Qeyd edək ki, şəhid Rəşad Mehdiyev 1997-ci il aprelin 24-də Abşeron rayonunda anadan olub. Orta təhsilini Xırdalan şəhəri 9 nömrəli məktəbdə və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə alıb. Ali təhsilini Azərbaycan Texniki Universitetinin "SABAH" qruplarında alan şəhid Rəşad Mehdiyev buranı fərqlənmə diplomu ilə bitirib. Elektron Hökumətin İnkişafı Mərkəzində proqramçı vəzifəsində çalışıb.
Rəşad Mehdiyev 2020-ci il oktyabrın 20-də Ərgünəş yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Tehsil-press.az

Oxşar xəbərlər