BDU-nun kollektivi şəhid Vüqar Məmmədovun ailəsini ziyarət edib

BDU-nun kollektivi şəhid Vüqar Məmmədovun ailəsini ziyarət edib Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaşı Vətən müharibəsi şəhidi, İlahiyyat fakültəsinin məzunu Vüqar Məmmədovun ailəsini ziyarət edib.
Universitet və Missiya TV internet televiziyasının “Bakı Dövlət Universitetinin tarix yazan qəhrəman şəhid məzunları” layihəsi çərçivəsində keçirilən ziyarətdə təhsil müəssisəsinin Şərqşünaslıq fakültəsinin dekan müavinləri Nigar İsmayılzadə, Şahin Yusifli, fakültənin müəllimi Dəmir Süleymanov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü Mirməhəmməd Hüseynov iştirak ediblər.
Görüşdə çıxış edənlər Vüqar Məmmədovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Vüqar Məmmədovun əziz xatirəsinin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı vurğulanıb. Şəhidin anası Əsmər Məmmədova diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və dövlətimizin başçısının apardığı uğurlu siyasətin, ordu quruculuğunun və islahatların nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini vurğulayıb.
O, döyüşlərdə Vətən torpağı uğrunda düşmənə qarşı vuruşaraq şəhid olan əsgər anası kimi fəxr etdiyini deyib.
Qeyd edək ki, Vüqar Məmmədov 2011-2015-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil alıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edən Vüqar Məmmədov 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub və oktyabrın 9-da Füzulinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Tehsil-press.az


Oxşar xəbərlər