Azərbaycan xalqının şanlı günü

Azərbaycan xalqının şanlı günü Bu gün bütün Azərbaycan bayram ovqatına köklənib. İllərdir, bizi üzən xəcalət hissini fəxarət duyğuları əvəzləyib. Hər birimiz sevinir, qürur duyuruq. Bu sevinci bizə yaşadan möhtərəm Ali Baş Komandan, Azərbaycan Ordusu, Azərbaycan Əsgəri, var olun!
Biz fəxr edirik ki, qəhrəman Azərbaycan xalqı bu qələbəni döyüş meydanında qazandı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşa şəhərləri, Hadrud, Suqovuşan, və digər qəsəbələr döyüş meydanında azad edildi. Azərbaycan Qələbə zəfərinə əsgərinin rəşadəti ilə imza atdı.
2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabr tarixinə kimi davam edən Vətən müharibəsi haqqında hələ tarix kitablarında çox yazılacaq, siyasətçilər çox araşdırma aparacaq, təhlil və diskussiyalarda çox məqamlara aydınlıq gətiriləcək.
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin gecə saatlarında xalqa verdiyi bu müjdəli Qələbə xəbəri bütün Azərbaycanı ayaqda saxladı. Böyükdən kiçiyə hamı bu müjdənin bəxş etdiyi sevinci yaşadı, paylaşdı və paylaşmaqda davam edir. Ermənistan qəsbkarlıq niyyəti ilə başladığı işğalçılıq müharibəsində məğlub tərəf oldu. Əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başladığımız müqəddəs müharibənin böyük və ehtişamlı Qələbə ilə sona çatması xalqın və haqqın Qələbəsidir!
Bu gün həmin gündür...Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gün. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin əli, şücaəti ilə yenidən yazdı. Bir milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan Azərbaycan xalqının haqq savaşında məğlub oldu!
Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.
Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. Prezidenti Rəcəb Tayyib Ərdoğan: Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, Türkiyənin müşahidə və monitorinq heyətləri də orada eyni anlayışla yeri alacaq. Prezident İlham Əliyev: Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.
Azərbaycanda güclü “prezident-xalq-ordu” vəhdəti yad təzyiqləri dəf etməyə imkan verdi. Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi. Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi. Bütün bu mənzərə Azərbaycan Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərini mətinliklə dəf etdiyini aydın göstərir. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Erməni tərəfinin biabırçı məğlubiyyəti haqqında hər gün yeni faktlar acıqlanır.
Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etmişdir. Təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etmişdir. Cəbrayılda erməni zabitləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmışlar.
Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 7 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.
Gözün aydın olsun Azərbaycanım. Mübarəkdir, bu azadlıq nəfəsin! Şanlı Ordumuzun rəşadətiylə, yayıldı dünyaya qələbə səsin!


Nuranə Hümbətova
Bərdə rayonu R.Əhmədov adına
İmamqulubəyli Kənd İbtidai
məktəbinin direktoru

Oxşar xəbərlər