44 günlük Zəfər salnaməsi

44 günlük Zəfər salnaməsi 2020-ci ilin 27 sentyabr günü Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. O gün Silahlı Qüvvələrimiz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı.
El-obamızı düşmən tapdağından qurtarmaq, üçrəngli bayrağımızı azad olunmuş yaşayış məntəqələrində sancmaq üçün başlayan bu yürüş hamının ürəyindən xəbər verdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi, minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı. Dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına endirilən sarsıdıcı zərbəyə çevrildi.
Bu fikirləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Vəfa Əhmədova bildirib. O qeyd edib ki, Qələbəyə doğru inamla irəliləyən mərd, qorxmaz əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə düşməndən təmizlədi. Azərbaycan torpaqları 44 gün ərzində qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 10 noyabr gecəsi Prezident İlham Əliyev xalqımızı Böyük Zəfər xəbəri ilə müjdələdi. Vətən müharibəsi şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz qəribçilikdən qurtularaq doğma el-obalarına qovuşdular. Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər ordumuzun şücaəti, qəhrəmanlığı, əsgərlərimizin canı, şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.
Alim bildirib ki, dekabrın 10-da isə Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradında Azərbaycan xalqı ordusu ilə qürur hissi keçirdi. Bakıda 3 min nəfərdən artıq şəxsi heyətin və 150-dək hərbi texnikanın, o cümlədən müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin iştirakı ilə Zəfər paradı Vətənimizin azadlığı uğrunda apardığımız müharibədə qazanılan qələbənin, Azərbaycan Ordusunun hərbi qüdrətinin növbəti təntənəsi oldu. Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. 10 dekabr paradı müzəffər Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu, Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Azərbaycan Ordusu Zəfər paradında hərbi gücünü nümayiş etdirərək beynəlxalq aləmə də mesajını çatdırdı - ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək qüdrətli ordumuz, bu orduya rəhbərlik edən qətiyyətli sərkərdəmiz var.
“Xalqımız qələbədə payı olan, döyüşdə iştirak edən hər bir əsgərin əziyyətini yüksək qiymətləndirir, şəhidlərimizi ehtiramla, minnətdarlıqla anır. Dövlətimiz də igidlərimizin hər birinin əziyyətini dəyərləndirir. Elə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi də igidlərimizə yüksək ehtiramdan irəli gəlir. Prezident İlham Əliyevin sərəncamları ilə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş yüzlərlə hərbi qulluqçularımız “Zəfər”, “Vətənə xidmətə görə”, “Qarabağ”, “Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Bu isə o deməkdir ki, heç bir şəhidimiz diqqətdən kənar qalmayıb. Lakin bütün təltiflərdən, mükafatlardan da ən uca ad elə şəhid adıdır. Şəhidlik məqamına ucalan ölməz oğullarımız dünya var olduqca sevgi və sayğı ilə xatırlanacaq, yad ediləcək, əziz xatirələri qəlbimizdə əbədi yaşayacaq. Qazilərimiz isə layiq görüldükləri orden və medalları qürur və fəxarətlə ürəklərinin üstündə gəzdirəcəklər”, - deyə V.Əhmədova fikrini yekunlaşdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər