Lənkəran Peşə Liseyinin tələbələri dual təhsil proqramı çərçivəsində praktiki məşğələlərə başlayıb

Lənkəran Peşə Liseyinin tələbələri dual təhsil proqramı çərçivəsində praktiki məşğələlərə başlayıb Cari tədris ilindən başlayaraq Lənkəran Peşə Liseyinin bir neçə ixtisas qrupunda tədris regionun qabaqcıl hotelləri ilə birgə dual təhsil proqramı formatında həyata keçirilir.
Müəssisələr arasında bağlanan əməkdaşlıq müqavilələrinə əsasən Lənkəran Peşə Liseyinin turizm sahəsində iaşə mütəxəssisi ixtisas qruplarında təhsil alan tələbələr “Lankaran Spring Wellness Resort” və “Xəzər Palace”da, aşpaz ixtisasında təhsil alanlar isə “Carnaval” hotelində təcrübə keçirlər.
Təhsilalanların aralıq və yekun qiymətləndirmələrinin işəgötürənlərin bazasında həyata keçirilməsi nəzərdə tutulub. Lənkəran Peşə Liseyinin tələbələri təhsil aldıqları ixtisaslar üzrə işəgötürənlərin həyata keçirdikləri müxtəlif layihələrdə iştirak etmək imkanı əldə edirlər. Ən yaxşı nəticə göstərən tələbələrin işəgötürənlər tərəfindən işlə təmin olunması nəzərdə tutulur. Qeyd edilən ixtisas qruplarında tədris prosesini aparan istehsalat təlim ustaları və ixtisas fənn müəllimləri işəgötürən təşkilatlardan dəvət olunublar. Sözügedən istehsalat təlim ustaları müxtəlif vaxtlarda peşə təhsil müəssisələrinin məzunları olub.
Qeyd edək ki, Lənkəran Peşə Liseyi turizm və turizmlə bağlı iaşə sahəsində dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində birgə kadr hazırlığını həyat keçirmək məqsədilə “Lankaran Spring Wellness Resort”, “Xəzər Palace”, “Carnaval” hotelləri ilə əməkdaşlıq müqavilələri imzalayıb.

Tehsil-press.az


Oxşar xəbərlər