Bu gün nazirliyin qarşısına toplaşan narazı qazilərlə bağlı - Açıqlama

Bu gün nazirliyin qarşısına toplaşan narazı qazilərlə bağlı - Açıqlama Bu gün üç qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına gəlib. Onlar əlillik təyinatının edilməməsi, eləcə də, bir sıra problemləri olduqlarını iddia ediblər.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov açıqlama yayıb.
O bildirib ki, bu gün nazirliyin qarşısına gələn üç qazimizdən birinin - Vətən Müharibəsi iştirakçısı Baxşalıyev Oruc Ağamalı oğlunun hələ ötən aydan əlilik təyinatı aparılıb:
“Əvvəlcə yerli TSEK-də əyani müayinə olunub və sənədləşmə işlərinə də dəstək göstərilərək noyabrın 27-də e-sistemə daxil edilmiş göndəriş (forma 88) əsasında ona əlillik dərəcəsi təyin edilib. Bu barədə qazimizə də məlumat verilib.
Axundov Sinan Nabil oğlunun isə travma alması haqqında arayışı, Mərkəzi Hərbi Həkim Komissiyasının onunla bağlı yekun şəhadətnaməsi yoxdur. Hərbi səbəbdən əlilliyin qiymətləndirilməsi üçün bu sənədlər, həmçinin e-sistemə göndəriş daxil edilməlidir. Qaziyə izah olunub ki, həmin sənədlər təqdim edildikdə, əlilliyi qiymətləndiriləcək.
Digər qazimiz Mütəllimov Vasif Aydın oğlu işlə təmin edilmək istəyir. Bir neçə ay əvvəl ona yanacaqdoldurma məntəqəsində iş təklif edilsə də, istəməyib.
Budəfəki müraciəti zamanı Vasif Mütəllimovun ilkin peşə və ixtisasının olmadığı müəyyən edilib. Ona istədiyi peşəyə yiyələnməsi üçün peşə hazırlıq kursu təklif edilib. Təklifi qəbul edib və istədiyi peşə (bərbərlik) üzrə peşə hazırlığı kursuna cəlb edilməsi üçün qeydiyyata alınıb. Peşə hazırlığı dövründə o, hər ay təqaüdlə də təmin olunacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər