“eTwinning Plus” layihəsi çərçivəsində texnotəhsil modelinin müzakirəsi aparılır

“eTwinning Plus” layihəsi çərçivəsində texnotəhsil modelinin müzakirəsi aparılır Gəncədə “eTwinning Plus” layihəsi çərçivəsində “Layihələrdə texnotəhsil modeli” mövzusunda regional konfrans keçirilir.
Konfransın məqsədi region müəllimləri üçün İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil və layihənin regionlarda inkişafını təmin etməkdir. Eyni zamanda, müəllimlər üçün XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələrin təşkili də tədbirin gündəliyinə daxildir.
Konfrans çərçivəsində uğurlu layihə modeli, layihənin platformada yaradılması və planlanması, layihə mövzularının milli kurikuluma inteqrasiyası mövzularında müxtəlif təlimlər və müzakirələr təşkil olunur. Təlimlər yerli və beynəlxalq mütəxəssislər tərəfindən aparılır.
Qeyd edək ki, ölkəmiz 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 44 Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, həmçinin birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.
Layihə çərçivəsində ölkəmizdən indiyədək 1027 məktəbdən 3765 müəllimin iştirakı ilə 4017 təhsil layihəsi həyata keçirilib, bir çox yüksək beynəlxalq nailiyyətlər əldə edilib və Avropa ölkələri ilə eyni səviyyədə rəqabət aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər