“eTwinning Plus” layihəsi çərçivəsində təhsil işçilərinin seçim müsabiqəsi başa çatıb

“eTwinning Plus” layihəsi çərçivəsində təhsil işçilərinin seçim müsabiqəsi başa çatıb “eTwinning Plus” layihəsinə qoşulmuş təhsil işçilərinin bu ilin sonunadək xarici ölkələrdə keçiriləcək beynəlxalq təlimlərdə iştirakı ilə bağlı seçim müsabiqəsi başa çatıb.
“eTwinning” proqramı üzrə il ərzində layihələrdə iştirak edən təhsil işçiləri üçün müxtəlif seminarlar, konfranslar və peşəkar inkişaf proqramları təşkil olunur. Xarici ölkələrdə keçirilən tədbirlər əsasən 2-3 gün davam edir. Müəllimlərin iştirakı ilə bağlı bütün xərclər Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən imzalanmış “eTwinning Plus” qrant layihəsinin büdcə hesabından maliyyələşdirilir.
Tədbirlərdə iştirak üçün seçim müsabiqəsi iki mərhələdə aparılır. Bu il birinci mərhələyə 26 müəllim müraciət edib. Müraciət edən hər bir namizəd üçün ilkin bal hesablanıb. Müsabiqənin ikinci mərhələsinə keçən 8 namizəd Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsini təmsil edən işçi qrupu tərəfindən müsahibə mərhələsinə dəvət olunublar. İyulun 23-də keçirilən müsahibədən uğurla keçən 4 namizəd cari ildə Avropa şəhərlərində təşkil olunacaq beynəlxalq təlimlərdə iştirak hüququ qazanıblar.
Qeyd edək ki, Azərbaycanda “eTwinning Plus” layihəsi 2016-cı ildən etibarən Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır. Layihə çərçivəsində Azərbaycandan indiyədək 261 məktəbdən 726 müəllimin iştirakı ilə 786 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda, “eTwinning Plus” layihəsində iştirak edən müəllimlərin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədilə online təlimlər, Avropanın müxtəlif ölkələrində seminar və konfranslar təşkil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər