Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində IELTS Qeydiyyat Mərkəzi yaradılıb

Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində IELTS Qeydiyyat Mərkəzi yaradılıb Bakı Ali Neft Məktəbi (BANM) ilə Böyük Britaniyanın “British Council” təşkilatı arasında BANM-də IELTS Qeydiyyat Mərkəzinin yaradılması haqqında müqavilə imzalanıb.
Müqaviləyə əsasən ölkədə ilk dəfə olaraq “British Council” BANM-də yaradılan bu Qeydiyyat Mərkəzində onlayn imtahan vermək istəyən şəxslərin qeydiyyatını həyata keçirəcək.
Sənədi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Fransis Qardener Trexo imzalayıblar.
BANM-in kampusunda Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın iştirakı ilə keçirilən imzalanma mərasimində ali məktəbin rektoru Elmar Qasımov bildirib ki, bu layihə “British Council” ilə rəhbərlik etdiyi təhsil müəssisəsi arasında əməkdaşlığın növbəti mərhələsidir. Rektor bir neçə ay əvvəl “British Council” təşkilatı ilə əməkdaşlıq çərçivəsində BANM-də açılan ACCA Mərkəzindən də bəhs edərək vurğulayıb ki, dünyadakı 5 ACCA Mərkəzindən biri olan bu mərkəz artıq qısa müddətdə ikinci yerə yüksəlib və burada təxminən 50 nəfər çalışır. E.Qasımov bu mərkəzin yaxın aylarda dünyada ən böyük mərkəzə çevriləcəyinə əminliyini vurğulayıb. “Həm ACCA Mərkəzinin, həm də IELTS Qeydiyyat Mərkəzinin ölkədə ilk dəfə olaraq məhz BANM-də açılması ali məktəbimizə münasibətin və onun nüfuzuna olan diqqətin göstəricisidir. Əminəm ki, bu mərkəz də nəinki ölkəmizin, hətta regionun aparıcı mərkəzinə çevriləcək. Mərkəzin xidmətlərindən həm tələbələrimiz, həm də gələcəkdə dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq üçün imtahan verəcək gənclərimiz faydalanacaqlar”- deyə rektor bildirib.
E.Qasımov 10 ildir yaradılan Bakı Ali Neft Məktəbinin Böyük Britaniya ilə uğurlu əməkdaşlıq etdiyini və bu əməkdaşlıqda “British Council” təşkilatının böyük rolu olduğunu söyləyib. Rektor ingilis dilinin əhəmiyyətindən danışaraq bildirib ki, Bakı Ali Neft Məktəbi də 10 il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə ingilisdilli yüksəkixtisaslı kadr hazırlamaq məqsədilə yaradılıb və 10 ildir ki, uğurla ingilisdilli texniki ixtisaslı kadrlar hazırlayır. E.Qasımov ali məktəbin məzunlarının bir çox nüfuzlu şirkətlərdə çalışmasının, dünyanın ali məktəblərində təhsil almaq üçün təqaüd qazanmalarının və təhsil müəssisəsinin tədris və idarəetməsində fəal iştirak etmələrinin ötən 10 ildə qazanılan uğurun göstəricisi olduğunu vurğulayıb.
Bakı Ali Neft Məktəbində olmaqdan məmnunluğunu ifadə edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarf bu mərkəzin böyük fayda gətirəcəyinə inandığını bildirib. Səfir BANM-lə “British Council” arasındakı bu əməkdaşlığı təhsildə keyfiyyətin yeni aspekti olaraq qiymətləndirib. “İngilis dili bu günün və gələcəyin dilidir, burada da bu dilin tədrisinə xüsusi önəm verilir. Bakı Ali Neft Məktəbi ilə bu əməkdaşlığa başlamaqdan çox şadıq və gələcəkdə də yeni əməkdaşlıqlara məmnuniyyətlə hazırıq”, - deyə səfir qeyd edib.
“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Fransis Qardener Trexo müqavilənin əhəmiyyətindən danışaraq deyib ki, əsası qoyulan bu əməkdaşlıq tələbələrə fərdi şəkildə kömək etməklə yanaşı, ingilis dilinin ən yüksək səviyyədə öyrədilməsinə imkan verəcək. O, bu əməkdaşlığın BANM üçün də böyük fayda gətirəcəyini və əhəmiyyətli əməkdaşlıq olacağını qeyd edib. “Bakı Ali Neft Məktəbi ilə çox uğurlu əməkdaşlıq edirik və bu yeni yaradılan əməkdaşlıq həm qeydiyyat prosesində, həm də IELTS sertifikatlaşmasının tanınmasında xüsusi xidmət göstərəcək. Bu da əməkdaşlığın başqa aspektidir. Bakı Ali Neft Məktəbində IELTS sertifikatının qəbulu və bu sertifikat əsasında tədrisin davam etməsi göstərir ki, burada qəbul yüksək bal əsasında olmaqla yanaşı, təhsilin səviyyəsi də yüksək dərəcədədir”- deyə Fransis Qardener Trexo bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər