Professor Asif Hacıyevin Rusiyada yeni dərs vəsaitləri nəşr edilib

Professor Asif Hacıyevin Rusiyada yeni dərs vəsaitləri nəşr edilib Azərbaycan Universitetinin professoru Asif Hacıyevin Rusiya Federasiyasının ali təhsil müəssisələrinin tələbələri üçün yeni dərs vəsaitləri nəşr olunub.
Filologiya ixtisası üzrə təhsil alan bakalavr və magistrantlar üçün nəzərdə tutulmuş “XX və XXI əsrlərin qovşağında rus nəsri. Əsas istiqamət və cərəyanlar” adlı tədris-metodik vəsaitdə iki əsrin qovşağında müasir rus nəsrinin tarixi tipologiyası, mövzu və motivləri, müasir ədəbi prosesin ümumi səciyyəsi və əsas inkişaf meyilləri yer alıb. Həmçinin neorealizm, kütləvi və şəbəkə ədəbiyyatı, modernizm və postmodernizm, eləcə də rus postmodernizminin Azərbaycan konteksti, postintellektualizm, “qadın nəsri” və digər cərəyanlar tədqiq olunub. Vəsaitdə həmin dövrün ədəbiyyatının nəzəri-epistemoloji anlayışları dəqiqləşdirilib, mövzular barədə analitik məlumat verilib, ikidillilik və rusdillilik, rus nəsrində “türk üslubu” nəzərdən keçirilib. Tədris vəsaitinə kursun tədrisi üzrə müəllimlər üçün mərhələli metodik göstərişlər, mühazirələrin və praktik dərslərin planları əlavə olunub.

“XX əsrin ikinci yarısı rus nəsri. Mifopoetika məsələləri” dərs vəsaiti isə rus və keçmiş postsovet xalqları ədəbi prosesinin mühüm hadisəsi olan mifopoetik nəsr yaradıcılığına həsr edilib. Kitabda keçən əsrin ikinci yarısı rus nəsrinin yaradıcılıq tipologiyası, ideya-estetik məzmunu və bədii xüsusiyyətləri mifopoetik aspektdə nəzərdən keçirilib. Dərs vəsaitinin birinci fəslində mifopoetik təhlilin metodoloji problemləri şərh olunub. İkinci fəsildə nəzəri məsələlərin – müəllif, obraz, kompozisiya, süjet, xronotop və janr anlayışlarının müvafiq təfsiri verilib. Dərs vəsaitinin poetika məsələlərinə həsr edilən üçüncü fəslində B.M.Şukşin, V.İ.Belov, V.P.Astafyev, V.Q.Rasputin, Y.V.Trifonov, F.A.Abramov, V.F.Tendryakov, V.S.Makanin, A.A.Kim, V.V.Orlov kimi görkəmli rus yazıçılarının yaradıcılığında mif-folklor elementlərinin, ənənəvi semantik universalilərin və süjet invariantlarının rolu tədqiq olunub. Mifopoetik təfsir əsasında bu yazıçıların əsərlərinin ənənəvi sosioloji münasibətdən fərqli semantik təfsiri verilib. Bu fəslin hər bir bölümünə düşünmə və müzakirə üçün kreativ suallar və biblioqrafiya əlavə edilib.
Rusiya ali təhsil və filoloji tədqiqat təcrübəsində ilk dəfə dərs vəsaitinə müasir rus ədəbiyyatının Azərbaycan konteksti və Azərbaycan məktəblərində milli mentalitetə və müasir sosial-mədəni mühitə uyğun tədrisi haqqında bölmələr daxil edilib. Eyni zamanda, vəsaitin geniş həcmli xüsusi bölməsində ilk dəfə müasir rus nəsrində orijinal “türk üslubu”nun mövcudluğu və bədii özünəməxsusluğu türk əsilli rusdilli yazıçıların konkret əsərlərinin təhlili əsasında təsbit olunub.
Nəşriyyatın annotasiyalarında qeyd edilir ki, hər iki kitab Rusiya dövlət təhsil standartlarının tələblərinə uyğun yazılıb və filologiya ixtisası üzrə təhsil alan bakalavr və magistrantlar üçün nəzərdə tutulub. Dərs vəsaitləri Rusiya Federasiyasının ali təhsil müəssisələri üçün tədris resurslarının nəşri üzrə ixtisaslaşmış “Ali təhsil” nəşriyyatının təşəbbüsü və vəsaiti hesabına çap edilib.
Qeyd edək ki, bundan öncə professor Asif Hacıyevin Rusiya, Almaniya, Türkiyə və İranda rus ədəbiyyatına dair üç dərs vəsaiti və iki monoqrafiyası dərc olunub.

Tehsil-press.az


Oxşar xəbərlər