Professor Asif Hacıyevin yeni monoqrafiyası çap olunub

Professor Asif Hacıyevin yeni monoqrafiyası çap olunub Azərbaycan Universitetinin professoru Asif Hacıyevin “Bayatı poetikası: struktur, semantika, praqmatika” adlı monoqrafiyası dərc edilib.
Monoqrafiyada folklorumuzun qədim janrlarından olan bayatıların poetik sistemi formal-məntiqi və struktur-semiotik meyarlarla tədqiq olunub. Kitabda şifahi lirikamızın tədqiqinin metodoloji məsələləri şərh edilib, bayatı poetikasının struktur, semantika və praqmatika qatları araşdırılıb, bayatı janrını və ümumən şifahi lirikamızı səciyyələndirən konseptual ümumiləşdirmələr verilib. Bayatıların dərkini mədəniyyət və dilimizin, özlüyümüzün dərki hesab edən müəllif bu janrda aşkarlanan etnopoetik dünya mənzərəsini, rəmz və işarələri, motiv və konseptləri ətraflı təhlil edib, fonopoetik, qrammatik, leksik, sintaktik vasitələrin bədii sistemdə rolunu, mətn semantikasının müxtəlif aspektlərini və ümumi səciyyəsini, kompozisiya, ritm, vəzn, janr-üslub özünəməxsusluğunu araşdırıb.
Müasir tədqiqat metodları və yeni konseptual yanaşma ilə, müxtəlif türk xalqlarının folkloruna xas mətnlərdən istifadə etməklə yazılan kitab filoloq mütəxəssislər, tələbə və magistrantlar üçün nəzərdə tutulub.
Monoqrafiya AMEA-nın Folklor İnstitutunun qərarı ilə “Elm” nəşriyyatında çap olunub.

Tehsil-press.az


Oxşar xəbərlər