Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın yeni kitabı çap olunub

Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın yeni kitabı çap olunub Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın həmmüəllifi olduğu “Robert Börns: Şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya” adlı yeni dərs vəsaiti çap olunub. Kitabın digər həmmüəllifi filologiya elmləri doktoru, professor Şahin Xəlillidir.
Dərs vəsaitində Britaniya poeziyasının klassik şairi, şotland əsilli Robert Börnsün həyat və yaradıcılığına dair ədəbi esselər, onun şeir və nəğmələrinin bir qisminin orijinaldan tərcümələri, eləcə də dövlət xadimi, şair və yazıçıların şotland bardı haqqında mühakimə və şərhləri təqdim edilir. Börns yaradıcılığı çevrəsində Azərbaycan – Şotlandiya qarşılıqlı əlaqələrinə dair rəsmi sənəd, tarixi əsərlər və yaradıcılıq nümunələri diqqətə çatdırılır.
376 səhifə, ön söz, dörd hissə və epiloqdan ibarət dərs vəsaitinin elmi redaktoru Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Fialə Abdullayeva, rəyçiləri filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu və filologiya elmləri doktoru, professor Aynur Sabitovadır.
Börns yaradıcılığının tədqiqatçısı, Robert Börnsün seçmə əsərlərinin yeni Oksford nəşrinin müəllifi, Börnsşünaslığın dünyada mərkəzi sayılan Qlazqo Universitetinin professoru Naycel Lisk dərs vəsaitinə ön söz yazıb. Önsözdə kitabın şotland bardının həyatının və poeziyasının ayrı-ayrı aspektlərinə, eləcə də onun həm şotland ədəbi ənənələrinə, həm də dünyanın digər ölkələrindəki şair və yazıçılara təsiri məsələsinə həsr olunmuş çoxsaylı elmi esselər məcmusu olduğu qeyd olunur, kitabın azərbaycanlı tələbələr üçün dəyərli elmi mənbəyə çevriləcəyinə əminlik ifadə edilir.

Mətbuat Xidməti



Oxşar xəbərlər